Tək iki partiyadan başqa bütün siyasi qüvvələr Şuşa sənədini dəstəklədi

Əli Orucov: “Bəzi siyasi təşkilatların Şuşa Bəyannaməsinə qoşulmaması təəssüf doğurur”

img

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar bəyanat yayıblar.

Sözügedən bəyanata 48 partiya imza atıb. Bəyanatda deyilir ki, 2021-ci il iyunun 15-də - tarixi Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi böyük tarixi və strateji əhəmiyyətə malikdir: “Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” ifadələrinin xalqlarımızın milli-mənəvi sərvəti kimi dəyərləndirildiyi bu Bəyannamə iki qardaş ölkə arasındakı bütün strateji əlaqələri ən yüksək səviyyəyə qaldırır. Azərbaycan-Türkiyə münasibətlərinin bu şəkildə inkişafı dostlarımızı sevindirir, ölkəmizin güclənməsini, rifahını və təhlükəsizliyini istəməyənləri isə məyus edir. Bəyannamədə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi xüsusi yer tutur. Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə birgə məsləhətləşmələr aparılması, beynəlxalq hüquq kontekstində bu təhdid və ya təcavüzün aradan qaldırılması istiqamətində birgə fəaliyyət göstərilməsini dəstəkləyirik”.

Maraqlıdır ki, sözügedən bəyanatı imzalayan partiyalar içində AXCP və Müsavat partiyaları yoxdur. Nəyə görə həmin partiyaların bu bəyanatı dəstəkləmədikləri ilə bağlı adıçəkilən siyasi təşkilatların mövqeyini öyrənmək mümkün olmadı.

  • “Belə məlum olur ki, onlar üçün partiya maraqları daha önəmlidir”

Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, Azərbaycanın milli məsələləri ilə bağlı bu cür bəyanatlarda gərək bütün siyasi təşkilatlar həmrəylik göstərsinlər: “Çünki Azərbaycan-Türkiyə müttəfiqliyi hər şeydən önəmlidir. Burada Azərbaycanın təhlükəsizliyindən, milli maraqlarının qorunmasından söhbət gedir. Türkiyə kimi böyük və güclü dövlətin qarantorluğundan söhbət gedir. Belə məsələlərdə siyasi yönümündən asılı olmayaraq, bütün partiyalar həmrəy olmalıdırlar. Öz partiya maraqlarını kənara qoymalıdırlar. Azərbaycanın milli mənafeyini ön tutmalıdırlar. Çünki qeyd olunduğu kimi, burada söhbət Azərbaycanın milli maraqlarından gedir. Bəzi siyasi təşkilatların Şuşa Bəyannaməsinə qoşulmaması təəssüf doğurur. Belə məlum olur ki, onlar üçün partiya maraqları daha önəmlidir”.

Partiya funksioneri hesab edir ki, bu kimi məsələlərdə bütün partiyalar vahid mövqedən çıxış etməlidirlər.

Vidadi ORDAHALLI

Son xəbərlər