Ter-Petrosyan - “bizi Qarabağın Azərbaycanın tərkib hissəsi olması ilə razılaşmağa məcbur edəcəklər”...

Şakir Ağayev: “...düşünür ki, sabah seçkilərdə qalib gələrsə, o, sözünün arxasında durmalıdır”

img

Ermənistanın daxilində də Azərbaycanın yaratdığı reallıqla barışanlar az deyil və bu ölkədə Qarabağın Azərbaycanın tarixi torpağı, ayrılmaz hissəsi olduğunu etiraf edənlər var.

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan “Bütün dünya Qarabağı Azərbaycanın hissəsi hesab edir. O, yalnız ərazisini bərpa etdi, heç kim Azərbaycanı ittiham etmədi. Bu dünyanın qanunu belədir. Bizi Dağlıq Qarabağın Azərbaycanın hissəsi olması ilə razılaşmağa məcbur edəcəklər. Artıq heç nə bizdən asılı deyil, hər şey bitdi” - deyə bildirib.

  • Ter-Petrosyan yaxşı bilir ki, burada geriyə dönüş yoxdur”

Ter-Petrosyanın fikirlərini şərh edən “Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev “Bakı-Xəbər”ə bildirdi ki, Ter-Petrosyan həm Ermənistan prezidenti olduğu dövrdə, indi də müxalifətdə olduğu vaxt Qarabağın Azərbaycan torpağı olduğunu gözəl bilir. “Ter-Petrosyan o dövrdə də, indi də Qarabağın Azərbaycan torpağı olduğunu gözəl bilir. Qarabağın Azərbaycan ərazisi olması Azərbaycan BMT-yə üzv qəbul olunanda da beynəlxalq xəritəsi ilə təsbit olunub. İstər Ter-Petrosyanın, istər Köçəryanın, istər Sarkisyanın, istərsə də Paşinyanın dövründə bütün dövlətlər Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyıblar. Ermənistan Azərbaycanın bu ərazisini işğal etmişdi, çox şükürlər olsun ki, 44 günlük müharibə ilə 30 illik işğala son qoyuldu. Ermənilər artıq bir daha dərk etdilər ki, Qarabağı Ermənistan ərazisi kimi təqdim edə bilməzlər, çünki bütün dünya bu ərazini Azərbaycan ərazisi kimi tanıyır, qəbul edir. Azərbaycan işğalçıları öz ərazisindən qovub çıxardıqdan sonra dünya da, Ermənistan da təbii ki, bu real faktın qarşısında aciz qaldı. Ter-Petrosyan yaxşı bilir ki, burada geriyə dönüş yoxdur, Azərbaycan 90-cı illərdəki Azərbaycan deyil, böyük gücə malik, işğalda olan torpaqları geri qaytaran, əbədi olaraq öz torpaqlarına sahib duran bir dövlətə çevrilib. Ter-Petrosyanın bu gün reallıqla barışması və bunu etiraf etməsi təbiidir. Ter-Petrosyan Ermənistanın və siyasi qüvvələrin revanşizmdən, separatçılıqdan əl çəkib reallıqla barışmalı olduğunu deyib. Yəni deyir ki, siz nə qədər yenidən o torpaqları işğal etmək xəyalına düşsəniz də, onsuz da dünya da, BMT də siz deyəni demir, deməyəcək də, onlar Azərbaycanın haqlı mövqeyini dəstəkləyirlər”.

Ş.Ağayevin sözlərinə görə, Ermənistanın sabiq prezidentinin bu gün reallığı etiraf etməsi təbiidir, o həmişə reallığa yaxın danışıb. O hesab edir ki, sabiq prezident öz etirafı ilə seçkiqabağı kampaniyada iştirak edən siyasilərdən kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, faktla barışmalı olduğunu ortaya qoyur. “Çünki 90-cı illərdən başlayaraq indiyə qədər seçkidə iştirak edənlərin hamısı Qarabağ üzərindən kampaniya aparır və ermənilərin milli maraqları, hissiyyatları ilə oynayırlar. Ter-Petrosyan bir təcrübəli adam kimi düşünür ki, sabah seçkilərdə qalib gələrsə, o, sözünün arxasında durmalıdır. Ona görə də artıq bu başdan erməni xalqını əmin edir ki, Azərbaycan öz torpağını işğaldan azad edib, bu torpaqlar öz sahibinə qayıdıb və Qarabağ məsələsi artıq bitib. Odur ki, erməni xalqı bu problemin bitdiyini və bütün dünyanın Qarabağı Azərbaycan torpağı kimi tanıdığı reallığı, faktı ilə barışmalıdır. Ter-Petrosyan erməni xalqını başa salmağa çalışıb ki, nağıllara deyil, reallığa inanmaq lazımdır” - deyə Ş.Ağayev qeyd etdi.

İradə SARIYEVA

Son xəbərlər