Şuşa Bəyannaməsindən sonra Ermənistanın siyasi qüvvələrindən ağıllı yanaşmalar – “digər əraziləri də itirəcəyik”...

Seyid Camal Əzimbəyli: “Revanşistlər boğazdan yuxarı çox vəd verə bilər, amma o vədləri reallaşdırmaq imkanları yoxdur”

img

“İşıqlı Ermənistan” partiyasının sədri, deputat Edmon Marukyan 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında əldə olunmuş razılaşma barədə danışıb.

Partiya sədri erməni mediasına açıqlamasında razılaşmanın şərtlərinə yenidən baxılmasına çağırış edən siyasi partiya liderlərini sərt tənqid edib.

E.Marukyan bəyan edib ki, Ermənistanda seçkidən sonra heç bir siyasi qüvvə 10 noyabr razılaşmasını pozmağa cəsarət etməz: “Ermənistanda heç bir siyasi qüvvə 10 noyabr razılaşmasını ləğv edəcəyini demir. Düşünürəm ki, bu, hər kəsin sənədin ləğvinin yeni müharibə demək olduğunu anlaması ilə bağlıdır. Seçkidən sonra hakimiyyətə gəlib rəqibi ərazilərdən uzaqlaşdıracağını, yaxud müharibə edəcəyini deyənlər isə ya avantürist, ya da yalançıdırlar. Belə bir şey baş versə, digər əraziləri də itirəcəyik”.

Bütün bunlar onu göstərir ki, Ermənistanda proseslərə real prizmadan yanaşan siyasi qüvvələr seçkidən sonra hər hansı revanş cəhdinin onlara baha başa gələcəyinin fərqindədirlər.

  • “Ermənistan müharibəyə cəhd etsə, o zaman dəmir yumruq onların başına endiriləcək”

Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, biz olduqca məkrli bir dövlətlə qonşuyuq: “Ermənistan ciddi məğlubiyyətə uğramasına baxmayaraq, ölkədə konstruktiv mövqe sərgiləyib sülh çağırışları ilə çıxış edən siyasi qüvvələr azdır. Erməni mediası belə, bir çox halda, reallığa əsaslanıb sülhə meylli mövqe sərgiləmir. Əksinə, cəmiyyəti revanşizmə kökləyirlər. Niyə? Çünki bunlar xəbis ruha malik bir millətdirlər. Daxilən Azərbaycana qarşı kin bəsləyirlər. Sadəcə, indi bunu həyata keçirmək üçün imkan və şərait yoxdur. İmkanları olsa, daha amansız olacaqlar. E.Marukyan nisbətən mötədil siyasətçidir. Ancaq nə də olsa ermənidir. Lakin onun belə mövqedən çıxış etməsi təsadüfi deyil. Məsələ ondadır ki, Dağlıq Qarabağın ətrafında yerləşən rayonlar bizim nəzarətimizdədir. Üstəlik, Xocavənd rayonunun böyük hissəsi, strateji əhəmiyyətli Şuşa şəhəri Vətən müharibəsində azad olunub. Qarabağın az bir hissəsi ermənilərin və rus sülhməramlılarının nəzarətindədir. Belə bir şəraitdə Ermənistan müharibəyə cəhd etsə, o zaman dəmir yumruq onların başına endiriləcək. Zatən, bununla bağlı Prezident İlham Əliyev bir neçə dəfə xəbərdarlıq edib. Revanşistlər boğazdan yuxarı çox vəd verə bilər, amma o vədləri reallaşdırmaq imkanları yoxdur. Düşmən yenidən müharibəyə əl atsa, o zaman digər ərazilərin güc yolu ilə təmizlənməsinə hüquqi əsas yaranacaq. O zaman heç bir qüvvə buna mane ola bilməyəcək”.

O üzdən, şərqşünas hesab edir ki, ermənilər revanşist niyyətlərindən əl çəkməlidirlər.

Vidadi ORDAHALLI

Son xəbərlər