Fransanın mina xəritələri ilə bağlı dili açıldı - 15 terrorçu ermənidən sonra...

Rövşən Rəsulov: “Parisin bəyanatları Bakı üçün əhəmiyyətsiz sayıla bilər”

img

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan Fransa Ermənistanın Ağdam rayonunun mina xəritələrini verməsi müqabilində Azərbaycanın 15 saxlanan ermənini azad etməsini alqışlayır.

Fransa ermənipərəstlik mövqeyindən əl çəkib vaxtında mina xəritələrinin verilməsi tələbi ilə heç bir çıxış etmədi, çağırış etmədi ki, minalanmış ərazilərin xəritəsini Azərbaycana verməlisən, amma indi 15 erməninin qaytarılması müqabilində mina xəritəsinin verilməsi ilə bağlı dərhal bəyanat yayır, buna reaksiya verir. Azərbaycanın bu qədər əraziləri minalanıb, nə qədər insan minaya düşüb həlak olub, amma Fransa bundan narahat olmayıb, 15 terrorçuya görə indi mövqe bildirir.

  • ...mina xəritələri müqabilində 15 əsirin qaytarılması ətrafında siyasi şou düzənləməyə...

Siyasi ekspert Rövşən Rəsulov “Bakı-Xəbər”ə  bildirdi ki, rəsmi Parisin bəyanatları rəsmi Bakı üçün əhəmiyyətsiz sayıla bilər. “Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olmasına rəğmən, bu ölkənin 44 günlük İkinci Qarabağ müharibəsindəki mövqeyini və işğalçı Ermənistanın təcavüzkar siyasətinə açıq dəstəyini hər kəs gördü. Bu baxımdan, postmüharibə dövründə Parisin guya hər hansı qarşılıqlı addımlardan dolayı səsləndirdiyi “dəstək” bəyanatlarını da səmimi qəbul etmək, məncə, sadəlövhlük olardı”.

R.Rəsulovun sözlərinə görə, sözügedən müstəvidə  Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Ermənistanın Ağdam rayonunun mina xəritələrini verməsi müqabilində Azərbaycanın 15 nəfər erməni hərbçisini azad etməsini alqışlaması ilə bağlı bəyanatı qeyri-səmimilik təsirini bağışlayır: “Əslində, biz Fransaya xitabən sual edə bilərik ki, siz həqiqətən də ədalətin, sülhün, humanizmin tərəfdarısınızsa, nəyə görə bu günə qədər Ermənistandan yüzlərlə azərbaycanlı əsir və girovun azadlığa buraxılmasını tələb etməmisiniz? Halbuki, bu barədə danılmaz faktlar, sübutlar və sənədli dəlillər mövcuddur. Rəsmi Paris ATƏT-in üç həmsədr dövlətindən biri kimi İrəvanın işğalçılıq siyasətini təsdiq edən, zəbt etdiyi Azərbaycan torpaqlarının dərhal və qeyd-şərtsiz azad etməsini tələb edən məlum qətnamələrin icra olunması üçün qətiyyətli addım atdımı? Əlbəttə, yox. Bu zaman qatar getdikdən sonra mina xəritələri müqabilində 15 əsirin qaytarılması ətrafında siyasi şou düzənləməyə də ehtiyac qalmır. Paris, sadəcə, prosesləri izləyir və yalnız erməni tərəfinə sərf edən cəhətdən bəyanatlar səsləndirir, “mən də varam” prinsipini işə salır. Ancaq etiraf edək ki, bu prinsip artıq işlək vəziyyətdə olmaması ilə yanaşı, həm də heç bir təsir imkanlarına da sahib deyil. 

Fransanın xarici işlər və diplomatiya idarəsi 15 erməni hərbçisinin qaytarılmasından əvvəl Ermənistandan minalanmış ərazilərimizin xəritələrinin verilməsini tələb etsəydi, biz Parisin bənzər bəyanatını alqışlaya bilərdik. Təəssüf ki, Paris bunu etmədi, üstəlik, həmin hadisəyə qədər müxtəlif siyasi dairələri tərəfindən üçtərəfli bəyanatın imzalanmasının ardınca Azərbaycan ərazilərində diversiya əməlləri törədərkən saxlanan terrorçuları dünyaya “hərbi əsir” kimi təqdim etdi, eləcə də Azərbaycandan onların azad edilərək öz ölkələrinə göndərilmələrini istədi. Bəs bu faktları necə qəbul edək? Yaxud, necə oldu ki, Fransa birdən-birə “sülh göyərçininə” çevrildi və “dimdiyindəki zeytun budağını” yellədə-yellədə “qanadlarını” bir-birinə döyəcləyib, bizə alqış söylədi?  

Sadəcə, bu, bir görüntü xarakterli addımdır və Paris çox yaxşı bilir, anlayır ki, istər ATƏT-in Minsk Qrupundakı mövqeyi, istərsə də Cənubi Qafqazdakı regional maraqları iflasa uğramaqdadır. Bunun qarşısını almaq üçün isə əlinə düşən fürsətdən dərhal yararlanmağa cəhd edir. Lakin Prezident İlham Əliyevin də vurğuladığı kimi, biz kimin dost, kimin isə bizə qarşı çıxan tərəf olduğunu 44 günlük müharibədə müəyyən etdik. Rəsmi Paris Azərbaycanın ədalətli, haqlı addımlarına qarşı çıxan tərəf olması ilə yanaşı, açıq-aşkar işğalçının, təcavüzkarın cinahında yer aldı. Ona görə də bundan sonrakı davranışları, qərar və bəyanatları Bakı üçün əhəmiyyətsiz sayıla bilər” - deyə siyasi ekspert qeyd etdi.

İradə SARIYEVA

Son xəbərlər