Şuşa Bəyannaməsi Ermənistanı rəsmən yerindən oynatdı...

Məhərrəm Zülfüqarlı: “Ermənistan dərk etməlidir ki, Şuşa Bəyannaməsi regionda əsas sənəddir, sülhün və iqtisadi inkişafın rəhnidir”

img

Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayib Ərdoğanın imzaladıqları  Şuşa Bəyannaməsi Ermənistanı əməlli-başlı qarışdırıb, bu ölkəni bir-birinə vurub. Bununla bağlı Ermənistan XİN bəyanat yayıb.

Ermənistan XİN-in yaydığı bəyanatda Ərdoğanın Şuşa səfəri “regional sülh və təhlükəsizliyə təhdid” kimi xarakterizə olunur.

Rəsmi İrəvan hesab edir ki, guya Şuşadakı mədəniyyət abidələri “məhv edilir” və bunun qarşısı alınmalıdır.

Göründüyü kimi, Ermənistan yenə də öz təxribatlarını davam etdirir. Yenə dünyanı çaşdırmaq istəyir və Şuşa Bəyannaməsinə qara yaxmaqla məşğul olur.

  • “Ermənistan XİN-in bu cəfəng bəyanatı seçkiqabağı hökumətin reytinqini qaldırmağa xidmət edir”

AVCİYA-nın vitse-prezidenti, professor, siyasi icmalçı Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Türkiyə Cümhuriyyətinin Prezidenti R.T.Ərdoğanın Azərbaycana səfəri, Füzulidən Şuşaya qədər yol boyu Ermənistanın dağıtdığı ərazilərimizi öz gözü ilə görə-görə getməsi böyük tarixi hadisədir. Azərbaycanın və Türkiyənin gücünü göstərir, Azərbaycanın haqlı, Türkiyə ilə Azərbaycanın güclü birlik olduqlarını bir daha dünyaya sübut etdi: “Məsələ burasındadır ki, Rusiya sülhməramlılarının Türkiyəyə qarşı qısqanc yanaşacaqlarına dair fikirlər dolaşırdı. Hətta belə fikirlər də vardı ki, ruslar bundan sonra Türkiyənin Azərbaycana dəstəyinə imkan verməyəcəklər və sair. Ərdoğanın Qarabağa, Şuşaya səfəri bunların hamısının üstündən xətt çəkdi. Bundan əvvəl Brüsseldə Amerika Prezidenti Türkiyə Prezidentinə yaxınlaşaraq onunla söhbət etdi, Fransa Prezidenti Ərdoğanla görüşdü və NATO-nun bəyanatında göstərildi ki, Türkiyə bizim tərəfdaş ölkədir, Türkiyəyə qarşı hər hansı bir təzyiqi, hücumu biz özümüzə qarşı təzyiq hesab edəcəyik. Bunlar onu göstərir ki, Türkiyə düz yoldadır və Türkiyəni güclü dövlət kimi NATO ölkələri və bütün dünya qəbul edir. Brüssel səfərinin səhərisi günü də Şuşaya gələrək burada Prezident İlham Əliyevlə birgə Şuşa Bəyannaməsini imzalaması məhz qardaş Türkiyənin regionda və dünyada güclü dövlət olduğunu sübut edir. Bu prosesin uğurla alınması, əlbəttə ki, erməni siyasətçilərini, ideoloqlarını, xalqa seçkiqabağı yalandan vəd verən siyasət adamlarını qıcıqlandırmaya bilməzdi. Ona görə də Şuşa Bəyannaməsindən dərhal sonra Ermənistan XİN belə cəfəng və sərsəm bəyanat verdi. Bizim üçün onların belə bir sərsəm, mənasız bəyanat yayacaqları gözlənilən idi. Birincisi, Ermənistan XİN-in bu cəfəng bəyanatı seçkiqabağı hökumətin reytinqini qaldırmağa xidmət edir ki, görün, biz Şuşa Bəyannaməsinə qarşı çıxdıq. İkincisi isə Paşinyan və onun komandası, eləcə də müxalif siyasətçilər erməni xalqını çox aldadıblar. Ermənistanın nə düşünüb-düşünməməsi əsas deyil, əsas əldə etdiyimiz nəticədir. Nəticə odur ki, Türkiyə Prezidenti verdiyi sözə kişi kimi əməl etdi və təkcə özü gəlmədi, ailəsi ilə birgə Şuşaya gəldi, Azərbaycan Prezidenti ilə görüşdü və bəyannaməni imzaladı. Artıq  Azərbaycanın Türkiyə kimi bir müttəfiqi var. Bəyannamədə göstərilir ki, Azərbaycana qarşı hər hansı bir terror hərəkəti, hərbi müdaxilə olarsa, Türkiyə onu müdafiə edəcək, Azərbaycan da Türkiyəyə belə bir hərəkət baş verərsə, qardaş ölkəni müdafiə etməyə, ona dəstək verməyə borcludur. Bu artıq Azərbaycanı əvvəlki kimi təklənmiş dövlət olmaqdan xilas edir, Azərbaycanın artıq NATO üzvü olan güclü müttəfiqi var və ağlı olan Ermənistan siyasətçiləri bundan dərs götürməlidirlər”.

M.Zülfüqarlının sözlərinə görə, bəyannamənin əsas bəndlərindən biri də Zəngəzur dəhlizinin açılmasıdır. O bildirdi ki, sənəddə də bu dəhlizin açılmasının bütün region ölkələrinin xeyrinə olduğu göstərilib. “Ermənistan ağlını başına yığarsa, Şuşa Bəyannaməsindən o da bəhrələnə bilər, regionda sülh bərpa olunar. Yox, yenə də əvvəlki kimi revanşist fikirlər irəli sürərlərsə, bu onların bədbəxtliyinə və bir dövlət olaraq tam sıradan çıxmasına səbəb ola bilər. Çünki artıq Azərbaycanın haqq işini NATO ölkələri də Türkiyə vasitəsilə dəstəkləyir, Rusiya burada dirəniş göstərə bilmir. Rusiyanın dünənə qədər müdafiə etdiyi Ermənistanda siyasi böhran yaşanır, seçkidən sonra vətəndaş müharibəsi təhlükəsi gözlənir. Belə bir prosesdə, əlbəttə, Ermənistan dərk etməlidir ki, Şuşa Bəyannaməsi regionda əsas sənəddir, sülhün və iqtisadi inkişafın rəhnidir. Gələcəkdə Rusiya da buna dəstək versə, regionda sülh yaranar və iqtisadi inkişaf baş verər. Bundan da bütün xalqlar bəhrələnər. Mənə elə gəlir ki, Avropa Birliyi də, NATO ölkələri də bu məsələdə maraqlıdırlar. Biz yaxın gələcəkdə Şuşa Bəyannaməsinin müsbət nəticələrinin şahidi olacağıq” - deyə M.Zülfüqarlı qeyd etdi.

İradə SARIYEVA

Son xəbərlər