Şuşa Bəyannaməsi erməni təcavüzünə qarşı Azərbaycana açıq hərbi dəstəyə əsas verəcəkmi...

İbrahim Rüstəmli: “Açıq hərbi yardım göstərməsi ilə bağlı tam hüquqi baza formalaşıb”

img

Məlum olduğu kimi, iyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanıb.

Şuşa Bəyannaməsini Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıblar.

Bəyannaməyə bütün sahələrdə müttəfiqlik münasibətləri haqda, o cümlədən də qarşılıqlı hərbi yardım haqda razılaşmalar daxildir. Sənəddə tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərilməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur.

Bütün bunların fonunda maraqlıdır, imzalanmış bəyannamə Ermənistanın Azərbaycana təcavüz edəcəyi halda, Türkiyənin Azərbaycana açıq hərbi yardımına əsas verəcəkmi? Bu zaman Türkiyə ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üz-üzə gəlmək təhlükəsi varmı?

  • “Belə bir halda, Türkiyənin KTMT ilə üz-üzə gəlmək təhlükəsi yoxdur”

Məsələyə münasibət bildirən hərbi ekspert İbrahim Rüstəmli buna bir neçə aspektdən yanaşdı: “Əvvəla Türkiyə və Azərbaycan arasında siyasi-hərbi sahədə ciddi münasibətlər formalaşıb. Türkiyə bir qardaş ölkə olaraq hər zaman Azərbaycanın yanında olub. Azərbaycanın dərdini öz dərdi hesab edib, ölkəmizə təmənnasız kömək göstərib. Hesab edirəm ki, məlum bəyannamənin imzalanmasından sonra Türkiyənin Azərbaycana açıq hərbi yardım göstərməsi ilə bağlı tam hüquqi baza formalaşıb. Bundan sonra Ermənistan Azərbaycana qarşı təcavüzə qalxarsa, o zaman Türkiyə bizə açıq hərbi dəstək göstərəcək. Çünki əlində hüquqi əsas var. Həmin hüquqi əsas da məhz imzalanan bəyannamədə öz əksini tapıb. Nəzərə almaq lazımdır ki, sənəddə Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulub. Bu çox önəmli məqamdır. Belə bir halda, Türkiyənin KTMT ilə üz-üzə gəlmək təhlükəsi yoxdur. Ona görə ki, burada Azərbaycanın Ermənistana hücum etməsindən söhbət getmir. Burada söhbət Azərbaycanın təcavüzə məruz qalacağı halda yaranan vəziyyətdən gedir. Yəni müdafiə olunmaq üçün ediləcək hərbi yardımdan söhbət gedir. Başqa bir tərəfdən, Türkiyə Ermənistan xaric KTMT dövlətləri ilə yaxşı münasibətlərə malikdir. KTMT-də təmsil olunan ölkələrdən ikisi – Qazaxıstan və Qırğızıstan türkdilli dövlətlərdir. O baxımdan ciddi problemin yaranacağını düşünmürəm”.

Hərbi ekspert onu da qeyd etdi ki, Azərbaycan olduqca güclü mövqedədir.

Vidadi ORDAHALLI

Son xəbərlər