Sosial şəbəkələrin səhih, dəqiq informasiya yaymadığı məlumdur. Əksər halda sosial şəbəkə istifadəçiləri tərəfindən dəqiqləşdirilməmiş, eyni zamanda da təxribatçı elə informasiyalar yayılır ki, insanlar özləri də bilmədən bu yalan xəbərin toruna düşürlər. Bu təkcə bizdə belə deyil, bütün dünyada böyük problem kimi diqqəti cəlb edir.
Bir sıra ölkələr, o cümlədən də ABŞ sosial şəbəkələrə qarşı qaydaları sərtləşdirir. Belə ki, ABŞ-da onlayn platformaların məhkəmə prosesini sadələşdirən qanun layihəsi təklif olunub.
Bütün dünyada aktual olan bu problemin qarşısının alınması üçün sözsüz ki, qanunvericilik aktının qəbul edilməsi zərurətə çevrilir.
Azərbaycanda da sosial şəbəkələrlə bağlı bu cür qanuni addımlara nə qədər ehtiyac var?
“...informasiya dövriyyəsini əhatə edən yeni bir qanunvericilik toplusu hazırlanmalıdır”
Mətbuat Şurasının sədr müavini, tanınmış media mütəxəssisi Müşfiq Ələsgərli bildirdi ki, Azərbaycanda da bu sahənin tənzimlənməsi ilə bağlı müəyyən modellərin tətbiq olunmasına ehtiyac var. M.Ələsgərli qeyd etdi ki, artıq bir sıra ölkələrdə, o cümlədən də Almaniya, Türkiyə və başqa dövlətlərdə bu yöndə addımlar atılıb. “Tənzimləmələr üçün addımlar elə atılmalıdır ki, burada söz və ifadə azadlığına xələl gətirilməsin. Amma indiki halda da bu belə qala bilməz. Çünki sosial şəbəkələr verdikləri töhfə ilə yanaşı, həm də böyük bir bəlaya çevriliblər. O məlumatlar ki, onların yayılmasında yasaq nəzərdə tutulub, sosial şəbəkələr həmin o baryerlərin hamısını vurub keçirlər. Burada insanların şəxsi həyatına müdaxilə, təhqir, böhtan, dəqiqləşdirilməmiş informasiyaların yayılması kimi hallar var. Hətta sosial şəbəkələrdə iş dövlət təhlükəsizliyini təhdid edən səviyyəyə gəlib çatıb. Bax, bu məsələlər baxımından sosial şəbəkələrin tənzimlənməsi üçün müəyyən addımların atılmasına zərurət var. Məsələnin ikinci tərəfidir ki, çox zaman sosial şəbəkələrdən konkret olaraq onun məzmun baxımından tənzimlənməli olduğunu deyirlər. Amma söhbət təkcə məzmundan getmir, ortada başqa problemlər də var. Məsələn, mən bu yaxınlarda o məsələni qabartmışdım ki, bunlar tutaq ki, çox böyük reklam dövriyyəsinə, gəlirə malikdirlər, amma dünyanın əksər ölkəsində də hər hansı bir vergi ödəmirlər, hətta medianın özünün istehsal etdiyi məhsullara belə sahib çıxırlar. Baxın, bu gün iş o yerə çatıb ki, bizim peşəkar medianın, jurnalistlərin istehsal etdiyi xəbərin, məhsulun çox böyük hissəsi sosial şəbəkələr üzərindən yayımlanır. Nəticədə sosial şəbəkələr qazanırlar, amma xəbər istehsal edən şəxslər, strukturlar kənarda qalırlar. Buna görə də mənə elə gəlir ki, Azərbaycanda da sosial şəbəkələrin tənzimlənməsinin vaxtı çoxdan çatıb. Onların strukturu, xəbər əhatəsi, vergi mükəlləfiyyəti və sairlə bağlı ümumi anlaşmanı əhatə edən müəyyən bir qanunvericilik bazası olmalıdır”.
M.Ələsgərlinin sözlərinə görə, deyə bilərlər ki, ölkəmizdə sosial şəbəkələrlə bağlı müəyyən qanunlarda bəzi addımlar atılıb. O qeyd etdi ki, 2013-cü ildən bu proses gedir. “Məsələn, 2013-cü ildə Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər edilib. Sosial şəbəkələrdə təhqir və böhtana yol verənlərlə bağlı məsuliyyət yaranıb. Əlavə olaraq, 2016-cı ildə qanunvericiliyə dəyişiklik edilərkən saxta profillərin yaradılmasına görə məsuliyyət nəzərdə tutulub. Sonra informasiya, informasiyalaşdırma və informasiya mühafizəsi haqqında qanunda müəyyən çərçivələr müəyyənləşdirildi. Bunlar müxtəlif qanunlarda ayrı-ayrı detallar üzrə nəzərdə tutulub. Hiss olunur ki, artıq ayrı-ayrı, səpələnmiş şəkildə olan bu tənzimləyici maddələr, ümumilikdə, problemi aradan qaldırmaq üçün yetərli deyil. Ona görə də mən də hesab edirəm ki, ümumilikdə, sosial şəbəkə və informasiya dövriyyəsini əhatə edən yeni bir qanunvericilik toplusu hazırlanmalıdır. Bu məsələlərə baxılmaldır. Çünki bir daha vurğulayıram ki, burada problem artıq gəlib çox yüksək səviyyəyə çatıb. Bu problemlər o səviyyədə qabarıb ki, müxtəlif ölkələr artıq senzura tətbiq etməyə başlayıblar” - deyə M.Ələsgərli qeyd etdi.
İradə SARIYEVA