Məlumdur ki, Azərbaycan Ordusunun ixtiyarında olan pilotsuz uçan aparatlar (PUA) və onlardan Qarabağ savaşında məharətlə istifadə edilməsi hələ də bütün dünyanın xüsusi diqqət mərkəzində yer alır. Bu xüsusda son dövrlərdə Almaniyada baş verənlər də ayrıca diqqət cəlb edir.
Sözügedən ölkədə nəşr edilən “Junge Welt” qəzetinin məlumata görə, Almaniyada fəaliyyət göstərən siyasi partiyalar artıq ölkənin Müdafiə Nazirliyinə aşağıdakı məzmunda sorğu göndərib: “PUA-lara qarşı nə edəcəksiniz? Büdcəniz varmı? Bununla bağlı hansı işləri görürsünüz?”. Müdafiə Nazirliyi partiyaların suallarına “Bunların vacibliyini bilirik” cavabını verib, lakin büdcələrinin olmadığını açıqlayıb. Liberal Partiyanın Müdafiə Komitəsinin sədri Aleksandr Müller alman ordusunda PUA-lara qarşı müdafiədə çox böyük boşluğun olduğunu deyib. “Junge Welt” nəşri isə bu fonda Türkiyəni supergüc adlandırıb və bunun səbəbinin Qərbin tətbiq etdiyi sanksiyalar olduğunu yazıb: “Hər şey qeyri-rəsmi boykotla başladı. Türkiyə 2016-cı ildə NATO-dan döyüş dronları almaq istədi. Amma ABŞ və İsrail bu istəyə müsbət cavab vermədi. Sonra türk şirkətləri işə başladı və “TAI-Anka” və “Bayraktar” beynəlxalq sektorun ən müasir məhsulları oldu. Türkiyə bu gün ona sanksiya tətbiq edənlərə minnətdardır”. Qəzet Azərbaycan Silahlı Qüvvələrinin inventarındakı Türkiyə və İsrail dronlarının Qarabağ müharibəsində həlledici rol oynadığını yazıb: “Bu, sadəcə müharibə üçün silah istehsal etmə və təhvil vermə istedadı deyil, eyni zamanda, hərbi baxımdan ümid yaradan istedaddır”. Almaniyanın nüfuzlu mütəxəssisi, hərbi ekspert Ulrike Frankenin də məsələyə münasibəti olduqca maraqlıdır: “Azərbaycan İkinci Qarabağ müharibəsi ilə hərb tarixində ilkə imza atdı. Ənənəvi artilleriya hücumu ilə yanaşı, ilk dəfə İsrail və Türkiyə istehsalı olan pilotsuz uçuş aparatları – dronlardan istifadə etdi”. O bildirib ki, Ermənistanla Azərbaycan arasında baş verən İkinci Qarabağ müharibəsi tarixdə dronla qazanılmış ilk müharibədir: “Ermənistan döyüşdə ənənəvi artilleriyadan istifadə etdi. Azərbaycan isə bir ilkə imza atdı. Təbii ki, Ermənistan bunu heç gözləmirdi. Təsəvvür edin, artilleriya qurğularını bir yerə toplayırsınız, hücum etməyə hazırlaşarkən qəfil başınızın üstündə bir dron peyda olur. Bir atışla bütün texnika və şəxsi heyət məhv olur”. Hərbi ekspert vurğulayıb ki, Azərbaycan ordusunun şəxsi heyətinin Şuşa şəhərini işğaldan azad etmə əməliyyatı da indiyə kimi bir çox hərbi ekspertləri təəccübləndirir: “Bildiyiniz kimi, Şuşa olduqca strateji yerdə yerləşir, ərazi dağlıqdır. Şuşa əməliyyatı zamanı dumanlı hava dronların uçuşuna mane olmuşdu. Azərbaycan ordusu xüsusi təyinatlılarının hesabına Şuşanı küçə döyüşü ilə geri aldı”. Ekspert bildirib ki, Almaniya “Avrodron”un hazırlanması ilə bağlı ilkin müzakirələri mart ayında Fransa, İtaliya və İspaniya müdafiə sənayesi nazirlərinin iştirakı ilə təşkil edəcək. Bu məsələdə o, Azərbaycan təcrübəsinin diqqətə alınmasını vacib hesab edir.
Bu günlərdə Rusiyanın “Moskovkiy Komsomolets” qəzeti də baş verənlərə məhz eyni prizmadan yanaşmışdı. Qəzet bu xüsusda yazırdı: “Mütəxəssislərin fikrincə, keçənilki Qarabağ müharibəsi pilotsuz hücum təyyarələrinin və silah-sursatların kütləvi şəkildə istifadə edildiyi ilk müharibə idi. Bunlar Azərbaycan qoşunlarına böyük dərəcədə uğur gətirdi. Təəssüf ki, bu gün Rusiya ordusunda hələ lazımi sayda hücum dronu yoxdur. Ancaq başqalarının pilotsuz təyyarələrini məhv edən vasitələr var. Lakin yaddan çıxmamalıdır ki, pilotsuz təyyarələrin köməyi ilə Azərbaycan qoşunları düşmənin çox sayda zirehli texnikasını məhv etməyi bacardı. İnternetdə zərbələrin çoxsaylı videodəlilləri var. Təsdiq edilən nokaut və qazanılan nailiyyətlər 10 dekabr tarixində Bakı küçələrində nümayiş etdirildi. Bu fonda Rusiyada qoşunlar Qarabağ müharibəsindən sonra təhlükə ilə insansız mübarizə taktikasını fəal şəkildə mənimsəyir”. Beləliklə, Azərbaycanın dron təcrübəsi hələ də dünyada xüsusi diqqət mərkəzində yer almaqda davam edir. Bu fonda onu da qeyd edək ki, Azərbaycan dronları elə indi də erməniləri ciddi narahat edir. Xüsusən də sərhəd zonalarında bunun tətbiqi ermənilərdə ciddi təşviş yaradır. Bir erməni zabiti tərəfindən sosial şəbəkələrdə bu xüsusda yayılan videomüraciətdə qeyd edilir ki, Ermənistan sərhədçiləri biabırçı vəziyyətdə xidmət edir, cırıq çadırın altında yerdə yatırlar. Erməni zabit Azərbaycan ordusunun bütün sərhədboyu ərazilərə nəzarət etdiyini də vurğulayır: “Rəqib güclü mövqe qurub, onlar bizi bir dronla vursalar, bizim qaçmaqdan başqa çarəmiz qalmır. Hökumət nümayəndələri Moskvanın elit restoranlarında bir yeməyə 5000 dollar xərclədiyi halda, sərhədçilər qışın ortasında yerdə yatırlar”.
Nahid SALAYEV