İşğaldan azad edilən ərazilərimizə son zamanlar vətəndaşlarımızın qanunsuz və icazəsiz səfərləri artıb. O ərazilərə səfər insanların təhlükəsizliyi baxımından problemlər yaradır. Ən azından ona görə ki, həmin ərazilər, kəndlər, şəhərlər tam olaraq minalardan təmizlənməyib, bu da vətəndaş üçün real təhlükə yaradır. Hətta bir neçə şəxs öz ehtiyatsızlığı ucbatından minaya düşərək həyatını itirib.
Onu da qeyd edək ki, əlaqədar qurumlar bu qanunsuz səfər edən vətəndaşlara qarşı tədbirlər görür, bu addımı atanlar məsuliyyətə cəlb edilirlər.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluq işğaldan azad edilən ərazilərə qanunsuz səfər edən vətəndaşlara xəbərdarlıq edib.
DİN və Baş Prokurorluqdan baki-xeber.com-a daxil olan birgə məlumatda bildirilir ki, müvafiq icazə almadan, eləcə də nəzarət postlarından kənar yollarla işğaldan azad edilmiş ərazilərə mülki şəxslərin keçmələrinin onların həyat və sağlamlıqları üçün ciddi təhlükə olması və buna görə də belə hərəkətlərdən çəkinmələri barədə dəfələrlə xəbərdarlıqlar edilib. “Lakin buna baxmayaraq, hələ də ayrı-ayrı şəxslərin öz həyatlarını təhlükə qarşısında qoyaraq polis postlarından kənar yollarla işğaldan azad olunmuş, lakin minalardan tam təmizlənməmiş ərazilərə daxil olmaları barədə məlumatlar əldə edilməkdədir. Belə məlumatların yoxlanılması və bu cür təhlükəli halların qarşısının vaxtında alınması məqsədilə fevralın 4-də Füzuli rayonu ərazisində daxili işlər orqanlarının əməkdaşları tərəfindən qabaqlayıcı profilaktik tədbirlər keçirilib. Nəticədə əraziyə qanunsuz yollarla keçmiş 7 nəfər aşkar edilərək saxlanıblar. Həmin şəxslərin əməllərinə hüquqi qiymət verilməsi üçün barələrində toplanmış materiallar Füzuli Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə onlardan 6 nəfəri barəsində 30 sutka inzibati qaydada həbs, 1 nəfər barəsində isə 150 manat məbləğində cərimə tətbiq edilib. Bir daha vətəndaşlarımızı həyat və sağlamlıqlarını təhlükədə qoyaraq qanunsuz yollarla işğaldan azad edilmiş ərazilərə getməməyə, belə səfərlərdən çəkinməyə çağırırıq”.
“Vətəndaş öz qanunsuz əməlləri ilə hüquq-mühafizə orqanları üçün başqa seçim qoymur”
“Polisə Dəstək” İctimai Birliyinin rəhbəri, tanınmış hüquqşünas Şəmsəddin Əliyev baki-xeber.com-a bildirdi ki, vətəndaşlar qanunları pozub həmin ərazilərimizə getməkə, əslində, öz həyatlarını təhlküyə atmış olurlar. Yadınızdadır ki, Füzuli rayonundan olan bir ailə öz evlərini ziyarətə gedərkən avtomobil minaya düşdü və ailə üzvlərinin hamısı həlak oldu. Hazırda işğaldan azad edilmiş torpaqlara nəzarətsiz, icazəsiz getmək vətəndaşların həyatları üçün böyük təhlükə yaradır. Bu ərazilərin çox hissəsi hələ minalardan təmizlənməyib. Çünki düşmən bu 30 ildə ərazilərimizi çox sıx şəkildə minalayıb, evlərə, həyətlərə, yolların kənarına, əkin sahələrinə mina döşəyiblər. Ermənilər bilirdilər ki, gec-tez bu torpaqların sahibləri qayıdıb öz ev-eşiyinə, yurd-yuvasına yenidən sahib olacaqlar. Ona görə də özlərinin yaşamadıqları yerləri minalayıblar. Bunun nəticəsidir ki, vətəndaşlarımızın çoxuna o bölgələrə getmək onların həyatı bahasına başa gəlir. Vətəndaşların qanunsuz və icazəsiz işğaldan azad edilmiş ərazilərə getməsi dövlət qurumlarının üzərinə qoyulan əlavə yükdür. Cənab Prezident də öz çıxışlarında vətəndaşlara çağırış etdi ki, icazəsiz azad edilmiş torpaqlara getməsinlər.
Düzdür, onlar bu 27-30 ildə həsrət qaldıqları yerləri, əzizlərinin məzarlarını ziyarə etmək istəyirlər. Amma bu onların həyatına təhlükə yaratdığı üçün səbr etməlidirlər ki, ərazilər minalardan təmizlənsin, həyat öz axarına qayıtsın və onlar da öz yurdlarına getsinlər”.
Polis orqanlarının qanunsuz səfər edənlərlə bağlı tətbiq etdiyi cəzalara gəlincə, Ş.Əliyev qeyd etdi ki, DİN və digər əlaqədar qurumlar vətəndaşlara qanunları pozmamaqla əlaqədar dəfələrlə müraciətlər edib, qanunsuz səfərlər etməməyə çağırıblar. “Vətəndaş öz əməlləri ilə hüquq-mühafizə orqanları üçün başqa seçim qoymur. Halbuki, polis dəfələrlə vətəndaşlara çağırış edib, onları azad edilən torpaqlara icazəsiz səfər etməməyə çağırıb, amma vətəndaşlar yenə də müxtəlif yollar vasitəsilə azad edilmiş ərazilərə gedirlər. Hesab edirəm ki, inzibati və hüquqi cəzalarla yanaşı, maarifləndirmə işləri də artırılmalıdır ki, vətəndaş öz məsuliyyətini dərk etsin. Postlardan kənar yollarla azad edilmiş ərazilərə gedən vətəndaşlar bununla öz həyatları üçün böyük təhlükələr yaradırlar” - deyə Ş.Əliyev qeyd etdi.
İradə SARIYEVA