Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycana təhvil verilməsi üçün Kərki kəndinin boşaldılması ilə bağlı göstəriş verib. Bu barədə “Joxovurd” nəşri yazıb. Qəzet iddia edir ki, Paşinyanın Ararat bölgəsinə gözlənilməz səfəri də bununla bağlı olub: “Bölgədən aldığımız xəbərlərə görə, Paşinyanla qubernator Razmik Tevonyan və Ararat bölgəsinin alay komandiri arasında Tiqranaşen (Kərki) kəndi ilə bağlı üçtərəfli müzakirələr aparılıb. Paşinyan yaxın günlərdə kəndin təhvil verilməsi üçün boşaldılmasını tapşırıb".
Baş nazirin mətbuat katibi Mane Qevorqyan səfər barədə artıq məlumatın yayıldığını və əlavə ediləcək nəsə olmadığını deyib. O, Kərki kəndi ilə bağlı müzakirənin aparılıb-aparılmadığını açıqlamayıb. Xatırladaq ki, Kərki Naxçıvan Muxtar Respublikasının işğal altında olan yeganə kəndidir.
Məlum olduğu kimi, 2020-ci il işğal altında olan ərazilərin böyük hissəsinin azad olunması baxımından əlamətdar bir il oldu. Ötən il Azərbaycan bütün imkanlarını səfərbər edərək Qarabağın işğalına son qoyulması ilə bağlı dönüş əldə etdi. Ətraf 7 rayon, Dağlıq Qarabağın böyük hissəsi erməni işğalçılarından təmizləndi. İllərlə mövcud olan status-kvo ləğv edildi. Hazırda Azərbaycan-Ermənistan sərhədlərində demarkasiya işləri gedir. Ona görə də bütün bunlar onu deməyə əsas verir ki, Naxçıvanın Kərki və Qazaxın 7 kəndi də işğaldan azad ediləcək. Nəzərə almaq lazımdır ki, Paşinyan hakimiyyəti ölkə daxilində ciddi təzyiqlə üz-üzədir. Müxalifət məğlubiyyət faktorundan istifadə edərək onun hakimiyyətini devirmək istəyir. Məhz bu səbəbdən də, Paşinyanın üzləşdiyi çətin vəziyyət nəzərə alınmaqla, bir sıra məsələlər açıq deyilmir. Çünki beynəlxalq təcrübədə dövlətlərarası anlaşmaların bir neçə formatı mövcuddur. Formata görə, bəyanatın ictimaiyyət üçün açıqlanan - əsas versiyası və köməkçi versiyası olur. Elə məsələlər var ki, onlar dərhal açıqlanmır. Yaxud da razılaşmada olmayan məsələlər sonrakı əlavə sənədlərdə ya yazılı, ya da şifahi razılaşmalar əsasında əldə olunmuş anlaşmalar formasında olur. Ola bilsin ki, sözügedən məqamlar nəzərə alınır. Bizə sərf edən variant odur ki, Ermənistanda xaos yaranmadan bütün sərhəd məsələləri həll edilsin, Paşinyanın imzaladığı razılaşmalar tam reallaşsın. İndiki məqamda Ermənistanda revanşist qüvvələr hakimiyyətə gəlsə, bəzi razılaşmaları poza bilərlər. Başqa bir tərəfdən, Naxçıvanın Kərki və Qazaxın 7 kəndindən 4-ü sırf anklav vəziyyətindədir. Yəni həmin kəndlərə Azərbaycanın əsas ərazisindən bilavasitə yol yoxdur. Ona görə də həmin kəndlərlə əlaqənin yaradılması ilə bağlı mütləq şəkildə dəhliz lazımdır. Kəndlərin geri alınmasının bu qədər uzanması həmin dəhlizin marşrutunun, eninin və ümumilikdə konturlarının aydınlaşması ilə əlaqədar ola bilər. Bütün bunlara baxmayaraq, inanırıq ki, həmin kəndlər mütləq azad ediləcək.
Məhəmmədəli QƏRİBLİ