Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası (AES) quruluşuna görə nüvə təhlükəsizliyinə dair beynəlxalq standartlara uyğun yenidən qurula bilməməsi üzündən ən tez bir vaxtda bağlanılmalıdır. Bu barədə Avropa Komissiyasının işçi qrupunun Ermənistanla tərəfdaşlıq sazişinin 2020-ci ildə icra olunmasına dair hesabatında bildirilir. Bu səbəbdən də Metsamor AES-in bağlanmasına dair yol xəritəsinin tezliklə yaradılmasının vacibliyi qeyd olunur. Qeyd edək ki, 1976-cı ildən fəaliyyət göstərən və artıq texnoloji cəhətdən ifrat köhnəlmiş Metsamor AES 1988-ci ildə baş vermiş güclü zəlzələdən sonra bağlanmış, 1995-ci ildə isə, beynəlxalq birliyin ciddi tənqid və etirazlarına baxmayaraq, yenidən işə salınmışdı. Hazırda stansiyanın gücü artırılsa da, təhlükəsizlik qaydalarına əməl olunmur.
Çox maraqlıdır ki, bu ilin əvvəlində Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Suren Papikyanla Rusiyanın İrəvandakı səfiri Sergey Koprıkin arasında aparılan müzakirədən sonra bu qənaətə gəlinib ki, “Metsamor” Atom Elektrik Stansiyası modernləşmə işlərinin tamamlanması üçün 141 gün müddətinə dayandırılacaq. Bildirilib ki, stansiyada nüvə təhlükəsizliyi tədbirləri ilə bağlı bütün işlər yekunlaşdırıldıqdan sonra onun istismar müddəti 2026-cı ilədək uzadılacaq. Bununla belə, hətta 2026-cı ildən sonra da “Metsamor” AES-in fəaliyyət göstərməsi planlaşdırılır. Bu iki ziddiyyətli məlumatı necə şərh etmək olar?
“Bu bəhanə onun işğal siyasətini davam etdirdiyi dönəm üçün keçərli ola bilərdi”
Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bunun başlıca səbəbi məhz beynəlxalq birliyin region üçün ekoloji fəlakət gətirən AES-in bağlanması ilə bağlı prinsipial mövqe ortaya qoymaması ilə bağlıdır: “Bu illər ərzində Avropa qurumları “Metsamor”la bağlı kifayət qədər həyəcan təbili çalıblar. Ancaq bu yalnız bəyanat səviyyəsində olub. Onların tələblərinə məhəl qoymayan Ermənistanla bağlı heç bir tədbir görülməyib. Bu arxayınçılıq da Ermənistanı AES-i işlətməyə həvəsləndirib. Ermənistanın əsas arqumenti budur ki, blokada şəraitində olması səbəbindən ölkənin elektrik enerjisinə olan tələbatını ödəmək üçün digər alternativ yoxdur. Ancaq bu bəhanə onun işğal siyasətini davam etdirdiyi dönəm üçün keçərli ola bilərdi. Hazırda regionda yeni reallıqlar yaranıb. Ermənistanın beynəlxalq layihələrə qoşulmaq, kommunikasiyaları bərpa etmək imkanı yaranıb. Bu səbəbdən də köhnə bəhanə keçərli deyil”.
Politoloqun sözlərinə görə, Ermənistan bir neçə dəfə “Metsamor” AES-in modernləşdirilməsi ilə bağlı Avropa qurumlarından vəsait alıb: ”Ancaq həmin vəsaitlər təyinatı üzrə xərclənməyib. İndi də beynəlxalq qurumları aldadırlar ki, guya Rusiya stansiyanın avadanlıqlarını yeniləyir. Bu isə real görünmür. Yaxşı olardı ki, AES-in fəaliyyətini fəlakət sayan qurumlar onun bağlanması ilə bağlı daha prinsipial mövqe tutsunlar”.
Məhəmmədəli QƏRİBLİ