Erməni mediası xəbər verir ki, Ermənistanın üçüncü prezidenti, Respublika Partiyasının lideri Serj Sarkisyan və Rusiyanın bu ölkədəki səfiri Sergey Kopırkin arasında görüş keçirilib. Bildirilir ki, Rusiya tərəfinin istəyi ilə baş tutan görüşdə Dağlıq Qarabağdakı müharibənin nəticələri ilə bağlı geniş müzakirə aparılıb.
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan atəşkəs rejiminin qorunması və Dağlıq Qarabağdakı humanitar problemlərin həlli istiqamətində davamlı səylərə görə Rusiya tərəfinə təşəkkür edib. Keçmiş prezident münaqişənin əsas prinsiplər bazasında birdəfəlik həlli istiqamətində Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi fəaliyyətini davam etdirməsinin vacibliyini vurğulayıb. Eyni zamanda, mövcud vəziyyətin müzakirə edilməsi kontekstində hərbi əsirlərin və ölən hərbçilərin cəsədlərinin axtarışı da müzakirə edilib.
Maraqlı nüans odur ki, səfirin xahişi ilə Sarkisyan daxili siyasi məsələlərə, eyni zamanda bölgədə ortaya çıxan yeni geosiyasi reallıqlara da toxunub. Öz növbəsində, səfir müzakirə olunan məsələlər barəsində Rusiyanın mövqeyini təqdim edib.
Çox maraqlıdır, sözügedən görüşdə hansı yeni geosiyasi reallıqlar ətrafında söhbət aparıla bilər?
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı qəzetimizə açıqlamasında bildirdi ki, Rusiya səfirinin regiondakı situasiyadan xəbərsiz olması inandırıcı sayıla bilməz: “Ola bilməz ki, Rusiya rəhbərliyi Ermənistandakı səfirinə necə mövqe tutamaqla bağlı göstərişlər verməsin. Diplomatik normalara görə bu belədir. Yəqin ki, səfir Sarkisyandan sadəcə fikrini soruşub. Erməni mətbutaı bir qədər manipulyasiyanı sevir. Regionda doğrudan da yeni sitiasiya yaranıb. Bunu da Azərbaycan öz gücünə edib. Onları narahat edən məqamlardan biri də Cənubi Qafqaz regionunda Türkiyənin rolunun artmasıdır. Rusiya da çalışır ki, Ermənistan bu yeni reallıqlarla razılaşsın. Ancaq görünən budur ki, onlar hesablaşmaq istəmir. Kimlərinsə təsiri altına düşərək, yenə də satusdan, “Artsax”dan danışırlar. Köhnə havalarda olmaq onlara nəsə vəd etmir. Serj Sarkisyan hazırda müxalif düşərgəni təmsil edir. Hakimiyyətin mövqeyi çox zəifdir. Hakim komandada parçalanmalar, fikir ayrılıqları var. Hakimiyyətə yeni qüvvələr gəlmək istəyir. Rusiya həm də bununla nəbzi yoxlamaq istəyir ki, Paşinyanın yerinə iddialı olan qüvvələr hansı mövqeyi bölüşür. Eyni zamanda, hakimiyyətə iddialıların nəzərinə Rusiya öz mövqeyini çatdırır ki, belə şansları olarsa belə, yeni reallıqları mütləq nəzərə almalıdırlar”.
QAT sədrinin sözlərinə görə, Serj Sarkisyan isə bu təmasla özünü Rusiyaya yenidən sırımağa çalışır.
Məhəmmədəli QƏRİBLİ