Erməni vandalizmi Azərbaycan ərazisində o qədər dərin izlər buraxıb ki, onu sözlə ifadə etmək çətindir. İndiyə qədər dünyanın müxtəlif ölkələrindən azad olunmuş ərazilərimizə gələn xarici ölkə nümayəndələri, səfirliklərin və media qurumlarının, müxtəlif dini təşkilatların nümayəndələri, eləcə də ISESCO-nun baş katibinin rəhbərlik etdiyi missiya erməni vandalizmini öz gözləri ilə görüb, bundan dəhşətə gəldiklərini bəyan ediblər.
Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxladığı müddətdə daşınan və daşınmaz mədəniyyət abidələrimizə, turizm potensialımıza milyardlarla manat ziyan vurduğu faktdır.
İşğaldan azad edilən ərazilərimizin, tarixi, maddi mədəniyyət abidələrimizin Ermənistan tərəfindən necə dağıdıldığı bütün dünyaya məlumdur.
“Ermənilərin vurduqları zərər çoxdur, bu arta da bilər”
Qeyd edək ki, Nazirlər Kabineti yanında İtki və Tələfatların Qiymətləndirilməsi üzrə işçi qrupun üzvü kimi fəaliyyət göstərən, mədəni dəyərlər üzrə tədqiqatçı-ekspert, Beynəlxalq Memarlar Akademiyasının Moskva şöbəsinin professoru, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü Faiq İsmayılov bir neçə gün əvvəl bildirib ki, ermənilərin maddi mədəniyyət abidələrimizə vurduğu zərərin həcmi hesablanıb. “2014-2017-ci illərdə işğal altında olan ərazilərdəki tarix və mədəni abidələrin qiymətləndirilməsi zamanı dəyən zərər 88 milyard manat civarında hesablanıb. Lakin indi aparılacaq qiymətləndirmə zamanı bu məbləğin 88 milyard manatdan daha yüksək olacağı gözlənir” - deyə bildirən F.İsmayılovun sözlərinə görə, o zamankı hesablamalar qiyabi monitorinq əsasında olub: “Lakin indi hər bir abidəyə yerində baxış keçiriləcək. Bütün ərazilərdə layihə-smeta sənədlərinin işlənməsi başa çatdırıldıqdan sonra dəyən ziyanın məbləği daha dəqiq bilinəcək”.
F.İsmayılov əlavə edib ki, Şuşada abidələrlə bağlı aparılan monitorinq artıq yekunlaşıb. Amma Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdamda monitorinqlər qismən aparılıb və hazırda da davam etdirilir.
F.İsmayılov “Bakı-Xəbər”ə bildirib ki, bu rəqəm 2014-2017-ci illərdə Nazirlər Kabineti yanında Nazirlər Kabineti yanında İtki və Tələfatların Qiymətləndirilməsi üzrə işçi qrupu tərəfindən üzə çıxarılıb: “Mən həmin işçi qrupunun eksperti vəzifəsində idim. Tarix-mədəniyyət abidələrinə dəyən zərərin hesablanması ilə mən məşğul oldum. Bu hesablamalarda hansı prinsiplərin əsas götürüldüyünə gəlincə, həmin abidələrin peykdən çəkilən şəkilləri, görüntüləri bizə imkan verdi ki, qiyabi hesablama aparaq və mövcud rəqəmi ortaya çıxaraq. Yəni abidələrimizə dəymiş zərər qiyabi şəkildə hesablandı. Qiyabi şəkildə hesablandığı üçün dəymiş zərərin həcmi tam olaraq dəqiq olmadı. Bu da onunla bağlı idi ki, torpaqlarımız işğalda olduğu üçün biz ora gedə bilmirdik. Amma indi torpaqlarımız azad edilib. Ermənilərin işğal dövründə daşınan, daşınmaz mədəniyyət abidələrinə və turizmə vurduqları zərərin həcmi 177 milyarddır. Bunun da 88 milyardı ermənilərin maddi-mədəni irsimizə vurduqları zərərə aiddir. Bura daşınan tarix-mədəniyyət abidələri, memarlıq nümunələri, muzey eksponatları, rəsm əsərləri və sair daxildir. Yenə də dəqiqləşdirmə prosesi davam etdirilir, müəyyən olunan bir vaxtda bunu tam dəqiqliyi ilə ortaya çıxaracağıq ki, bizə nə qədər zərər dəyib. Ola bilsin ki, rəqəmlər dalğavari getsin. Amma məsələ burasındadır ki, ermənilərin vurduqları zərər çoxdur, bu arta da bilər”.
“Məhkəmə iddiasının qaldırılmasında beynəlxalq missiyanın hesabatının çox böyük rolu olacaq”
F.İsmayılov bildirib ki, bu abidələrin hamısı erməni vandalizminə uğrayan, dağıdılan, nəzarətsiz qalıb dağıdılan, məhv edilən abidələrdir. Ona görə də bundan sonrakı mərhələlərdə ola bilsin ki, bu işlə məşğul olan digər təşkilatlar da öz hesablamalarını ortaya qoysunlar. Fikrimcə, ümumilikdə, hesablamalar, gəlinən nəticələr və ortaya çıxarılan rəqəmlər arasında hər hansı bir fərq olmayacaq. Beynəlxalq missiyanın da bölgəmizə gəlib, ermənilər tərəfindən dağıdılan abidələrimizin monitorinqini keçirib hesabat hazırlaması vacibdir. Beynəlxalq missiyanın hesablamaları zəruridir. Çünki Azərbaycan tərəfindən Ermənistana qarşı məhkəmə iddiasının qaldırılmasında beynəlxalq missiyanın hesabatının çox böyük rolu olacaq. Ona görə ki, beynəlxalq təşkilatlar bizə qarşı ikili yanaşma sərgiləyir və onların bizə “inamı” yoxdur. Ermənilərin Azərbaycanın maddi-mədəni irsinə - tarix-mədəniyyət, arxeoloji, memarlıq abidələrinə və sairə vurduqları zərəri hesablayarkən biz burada beynəlxalq standartlara uyğun qiymətləri götürmüşdük. Güman edirəm ki, yaxın zamanlarda xarici ölkələrdən bura beynəlxalq ekspertlər də gələrlər. Beynəlxalq ekspertlər də gələrkən bizim hesablamalardan, qiymətlərdən istifadə edəcəklər, başqa qiymətlərə istinad etməzlər”.
“Beynəlxalq ekspertlərin iştirakı ilə həyata keçirilərsə, bu rəqəmlər artıma doğru dəyişəcək”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev işçi qrupunun Ermənistan tərəfindən Azərbaycanın daşınan və daşınmaz maddi-mədəni irsinə, o cümlədən də turizm potensialına vurulan zərərin həcmi ilə bağlı üzə çıxardığı rəqəmi şərh edərkən bildirdi ki, bu rəqəm həqiqəti əks etdirir və əyani monitorinqlər zamanı bu arta da bilər. “Şübhəsiz, düşünürəm ki, hazırda çıxarılan rəqəmin müəyyən edilməsi istiqamətində uzun müddət işlənilib və mütəxəssislərlə məsləhətləşmələrdən sonra bu qərara gəlinib. Mən bu nəticəni düzgün hesab edirəm. Ancaq aydın məsələdir ki, ermənilər tərəfindən dağıdılan, məhv edilən abidələrin qiyməti misilsizdir, bunlar o qədər böyük dəyərdir ki, bunların qiymətini təyin etmək mümkün deyil. Amma ümumən götürəndə dünya təcrübəsində belə bir praktika, nümunələr var ki, turizmə, ekologiyaya, maddi mədəniyyət abidələrinə vurulan ziyanın həcmi ilə bağlı müəyyən hesablamalar aparılır və orta qiymət çıxarılır. Düşünürəm ki, bu çıxarılan qiymət də normaldır. Vaxtilə işğal altında olan ərazilərimizdə bu sahələrə vurulan ziyanın hesablanması ilə bağlı müəyyən edilən normal qiymətdir. Yəni buna şübhə ilə baxmağın mənası yoxdur. Hazırda söhbət ümumi vurulan ziyanların orta formatda hesablanmasından gedir. Amma şübhəsiz ki, azad olunan bölgədə əyani monitorinqlər keçirilərsə, əyani şəkildə testlər aparılarsa, o cümlədən, bu, beynəlxalq ekspertlərin iştirakı ilə həyata keçirilərsə, bu rəqəmlər artıma doğru dəyişəcək. Hesab edirəm ki, ermənilərin bizim daşınan və daşınmaz maddi mədəniyyət abidələrinə, turizm potensialımıza vurduqları zərərin həcmi daha artıq olacaq. Bu ehtimal var. Hazırda təqdim edilən rəqəmi isə orta rəqəm kimi götürmək olar. Yəni burada indiyə qədər bizdə olan məlumatlardan və ekspertlərin verdiyi rəydən çıxış edilib. Amma müəyyən bir müddət ərzində həm beynəlxalq ekspertlərin gəlməsi, həm o bölgələrdə əyani monitorinqlərin keçirilməsi şübhəsiz ki, bu rəqəmi artıracaq”.
“...Aidiyyəti beynəlxalq təşkilatın dəstəyinin qazanılması vacibdir”
F.Quliyev hesab edir ki, ermənilərin Azərbaycanın maddi-mədəni irsinə, turizm potensialına vurduqları zərərin dünya ictimaiyyətinə çatdırılması və Ermənistanın cəzalandırılması üçün beynəlxalq dəstəyin alınması istiqamətində Azərbaycanın xüsusi siyasəti olmalıdır: “Düşüncəmə görə, Azərbaycanın bununla bağlı siyasəti olmalıdır. Ermənistan tərəfindən Azərbaycana vurulan ziyan göz qabağındadır, buna həm beynəlxalq səviyyədə hüqiqi qiymət verilməlidir, həm də Ermənistan tərəfindən ölkəmizə vurulan ziyan maddi baxımdan ödənilməlidir. Vaxtilə işğal altında olan ərazilərimizdə ermənilərin həyata keçirdikləri dağıntıları gizlətmək mümkün deyil. Bunu hər kəs görür. Ona görə də, fikrimcə, bizim aidiyyəti dövlət qurumları buna xüsusi siyasət kimi önəm verməli, beynəlxalq təşkilatlar qarşısında davamlı olaraq məsələlər qaldırmalıdırlar. Necə ki, bizim dövlət başçımız bunu edir, bu artıq bir siyasətə çevrilməlidir. Biz, ilk növbədə, ərazilərimizə vurulan ziyanın beynəlxalq təşkilatlar tərəfindən qəbul edilməsinə nail olmalıyıq. Yəni onlar bu faktı qəbul etsin, bunun həm də beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə öz əksini tapması vacibdir ki, Azərbaycanın vaxtilə işğalda olan ərazilərində Ermənistan tərəfindən abidələrə qarşı vandalizm hərəkətləri həyata keçirilib, turizmə ziyan vurulub. Bu sənədlərdə bütün tarixi binalarımızın, maddi-mədəni irsimizin, bir sözlə, sivil insana məxsus olan nə varsa, hamısının ermənilər tərəfindən dağıdıldığı, vandalizmə məruz qoyulduğu, məhv edildiyi ifadə olunmalıdır. Beynəlxalq təşkilatlar bütün bunları qəbul etməli və rəsmən Ermənistana öz iradlarını bildirməlidirlər ki, bu, sivil dünyada vandalizmin son həddidir. Buna nail olsaq, çox böyük uğur qazanmış olaraq. Çox düzgün siyasətdir ki, beynəlxalq təşkilatlara bu faktı sübutlarla, sənədlərlə təqdim etməliyik və onun beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmasına nail olmalıyıq.
Bunun üçün də Mədəniyyət Nazirliyinin və digər əlaqədar qurumların xüsusi strategiyası olmalıdır”.
F.Quliyevin sözlərinə görə, haqlı tərəf bizik və bizim həqiqətimizi dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar qəbul etməlidir, bu isə Azərbaycan tərəfindən xüsusi strategiya əsasında həyata keçirilməlidir. “Baş verənlər göz qabağındadır. Biz mütləq şəkildə UNESCO-nun komissiya göndərməsinə nail olmalıyıq. Niyə UNESCO komissiya göndərmir? Çünki bu təşkilat azad edilmiş ərazilərimizə missiya göndərsə, gəlib fakt qarşında qalacaq. Mədəniyyət Nazirliyi bunu Xarici İşlər Nazirliyi ilə bir yerdə xüsusi strategiya əsasında siyasət olaraq həyata keçirməlidir. Bunun ayrıca bir strateji xətt kimi davam etdirilməsi və aidiyyəti beynəlxalq təşkilatın dəstəyinin qazanılması vacibdir. Hesab edirəm ki, bunun nəticəsində qısa zamanda olmasa da, müəyyən bir müddətdən sonra müsbət nəticəyə nail olacağıq. İSESCO da bunu öz gözləri ilə görüb. Yəni artıq beynəlxalq ictimaiyyət bunu görür. Avropa mediasında konkret olaraq erməni vandalizmini açıb göstərən, ifşa edən, tənqid hədəfinə çevirən məqalələr, fikirlər yer alır. Bu onu göstərir ki, bu siyasət nəticə əldə edilənə qədər davam etdirilməlidir. Bu gün hansı təşkilatlar ki, erməni vandalizminə göz yumurlar, onlarla iş qurulmalıdır. Bu ona görə lazımdır ki, erməni vandalizmi rəsmən tanınsın. Bu, düzdür, bir qədər vaxt aparacaq, çəkişmələr, mübarizələr olacaq, amma bu elə bir yoldur ki, sonda əksər beynəlxalq təşkilat və beynəlxalq ictimaiyyət bu faktı qəbul edəcəklər. Bunun Ermənistana bir təzyiq kimi yönəlməsinə nail olmaq lazımdır ki, bu ölkənin Azərbaycana qarşı törətdiyi cinayətlərin bəşəriyyətə qarşı yönəlik bir hərəkət olduğu fikrinin qəbul edilməsinə nail olaq. Dünya ictimaiyyəti bunu bilməli və qəbul etməlidir ki, bir də gələcəkdə belə hallar baş verməsin” - deyə F.Quliyev vurğuladı.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.