“Vestnik Kafkaza” nəşri yazır ki, fevralın 1-dən etibarən Rusiya Ermənistanla sərhədləri açmağa başladığına görə ölkədəki ən ağır iqtisadi vəziyyət fonunda Ermənistan vətəndaşlarının böyük köçü gözlənir.
Qeyd edilir ki, Rusiya və Ermənistanın koronavirus pandemiyası səbəbindən vətəndaşların giriş və çıxışına qoyulan məhdudiyyətləri aradan qaldıracağı yanvarın 20-də məlum oldu. Sərhədi istənilən istiqamətdən keçmək üçün koronavirus testi təqdim edilməlidir: “Əminliklə deyə bilərik ki, misli görünməmiş bir mühacirət olacaq. Ötən illər ərzində getmək istəyənlərin hamısı getdi və müəyyən qədər özlərinə iş yeri qazandı. Amma bu gün əvvəllər mühacirət etməyənlərin böyük bir axını gözlənir. Əlbəttə, həm daxili vəziyyətdən, həm səlahiyyətlilərin siyasətindən narazılıq, həm də ki, müharibə Ermənistanda narazılıqları yüksək səviyyəyə qaldırıb. Bu da böyük köç üçün əsaslar yaradıb”.
Ermənistan Mərkəzi Bankının keçmiş rəhbəri Baqrat Asatryan “Vestnik Kafkaza”nın müxbirinə verdiyi müsahibədə qeyd edib ki, ölkə vətəndaşlarının Rusiyaya köçü bir sıra amillərdən asılı olacaq: “Bizdə, adətən, Rusiyada işləyən kifayət qədər böyük insan kütləsi var. Keçən il yollar onlar üçün bağlanmışdı. Üstəlik, Ermənistanda işləyənlər üçün ötən il arzuolunmaz sürprizlərlə dolu oldu. Keçən il çox böyük iş yerləri itirdik. Ona görə də iş yerini itirən böyük kütlə də Rusiyaya üz tutacaq”.
Belə görünür ki, pandemiya ilə bağlı qaydalar yumşaldıqca, Ermənistandan Rusiyaya köç dalğası daha da artacaq. Bu isə əmək qabiliyyətli əhalinin ölkədən kütləvi miqrasiyası ilə müşayiət olunacaq.
“...Ermənistanda demoqrafik fəlakət yaşanmaqdadır”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən millət vəkili, politoloq Elman Nəsirovun sözlərinə görə, Ermənistandan əhalinin ədədi deyil, həndəsi silsilə ilə köçəcəyi ilə bağlı proqnozlar özünü 100 faiz doğrultmaqdadır: “Bunun iki ciddi səbəbi var. Birincisi, pandemiya onsuz da Ermənistanda ağır olan vəziyyəti bir az da pisləşdirib. Digər səbəbi isə Ermənistanın 44 günlük müharibədə böyük məğlubiyyətə uğraması ilə bağlıdır. Təsadüfi deyil ki, bu gün erməni cəmiyyətində sabahkı günə inam qalmayıb. Cəmiyyət birmənalı şəkildə onun fərqindədir ki, ölkənin ağır günləri hələ qarşıdadır. Ordusu, demək olar, darmadağın edilmiş, iqtisadiyyatı çökmüş bir ölkədə orta və yaşlı nəsil özü haqqında yox, böyüməkdə olan övladları barədə düşünməyə başlayıb. Onlar açıq etiraf edirlər ki, ötən 30 ildə ölkəyə rəhbərlik edənlər xalqa nağıl oxuyub. O mənada ki, hər şey yaxşı olacaq. Ancaq bu vədlərin tam əksinə olaraq, hər şey daha da pis oldu. Ona görə də əhali çıxış yolunu lənətlənmiş ölkəni kütləvi şəkildə tərk etməkdə görür. Erməni əhalisi daha çox Rusiyaya və Ukraynaya köçəcək. Bununla belə, erməni əhalisinin Fransaya və digər Avropa ölkələrinə köç edəcəyi gözlənir. Bütün bunlar onu göstərir ki, Ermənistanda demoqrafik fəlakət yaşanmaqdadır”.
Millət vəkili hesab edir ki, Ermənistanın nicat yolu Azərbaycana yönəlik revanşizm təşəbbüslərindən əl çəkib 6 tərəfli formatda əməkdaşlıq etməkdən keçir.
Vidadi ORDAHALLI