Vətən müharibəsində parlaq zəfəri şəhidlərimizin qanı-canı, qazilərimizin misilsiz qəhrəmanlığı nəticəsində qazanmışıq. Bizim üçün hər bir şəhidimizin ruhu, xatirəsi əziz olduğu kimi, onların valideynləri də, övladları da, yaxınları da əzizdir.
Çox təəssüflər olsun ki, bəziləri şəhidlik, şəhid ailəsi kimi həssas məsələlərdən sui-istifadə edərək həqiqətə uyğun olmayan məlumatlar yayır və bu mövzu ətrafında yalançı şoular düzəldirlər. Bu günlərdə bəzi media orqanları mənsublarının həm öz işlədikləri KİV-də, həm də sosial şəbəkələrdə şəhid anası olmayan bir şəxs ətrafında şou düzəldərək guya həmin qadının iki övladının Vətən müharibəsində itkin düşdüyünü iddia edirlər.
Medianın və əlaqədar qurumların araşdırmalarına görə, iki oğlunun itkin düşdüyünü deyən qadının, əslində, heç övladı olmayıb, onun ruhi xəstə olduğu üzə çıxıb.
Söhbət bir sıra sosial şəbəkələrdə və mediada Vətən müharibəsində iki oğlunun itkin düşdüyü deyilən Rəna Kazımova barədə yayımlanan reportajdan gedir. Reportajda Rəna Kazımova adlı qadın oğlanları Valid və Azər Kazımovun müharibədə itkin düşdüyünü və bu günə kimi onlardan xəbər ala bilmədiyini vurğulayıb. Diqqətçəkən məqam odur ki, Müdafiə Nazirliyinin açıqladığı itkin siyahısında isə Valid və Azər Kazımov qardaşlarının adı yoxdur.
Araşdırmalardan məlum olub ki, R.Kazımovanın, ümumiyyətlə, övladı yoxdur və o, əslən Lənkəranın Osaküçə kəndindəndir. 1 il yarımdır ki, Suraxanı rayonunun Hövsan qəsəbəsində kirayədə yaşayır. SHXÇŞ-nin Suraxanı Rayon Şöbəsi də sözügedən adda olan şəxsləri xidmətə çağırmayıb.
Lənkəran rayonu Osaküçə kəndinin bələdiyyə sədri Həkət Cavadova da mətbuata bildirib ki, Rəna Kazımovanın ruhi problemləri var. Onun hərbi xidmətə gedəcək yaşda övladı yoxdur: “Mən elə indi onun qardaşı ilə danışdım. Məlum oldu ki, həmin qadının dediyi Valid onun özünün yox, qardaşının oğludur. Özü də illər əvvəl Rusiyaya gedib və orada yaşayır. Onun, ümumiyyətlə, övladının olması ilə bağlı məlumat yoxdur”.
Qeyd edək ki, Azərbaycan Mətbuat Şurası da iki övladının Vətən müharibəsində itkin düşdüyünü iddia edən şəxslə bağlı bəyanat yayıb. Bildirib ki, bir sıra kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkə profillərində iki övladının – Valid və Azər Kazımovların Vətən müharibəsində itkin düşdüyü bildirilən Rəna Kazımova adlı qadının videogörüntüləri paylaşılmaqdadır. Həmin görüntülərdə qadın ağlayaraq övladlarından xəbər ala bilmədiyini diqqətə çatdırır, kömək istəyir: “Mətbuat Şurası medianı, sosial şəbəkə istifadəçilərini, həmçinin, sosial şəbəkədə aktivliyi ilə seçilən jurnalistləri Vətən müharibəsi, şəhidlər və itkin düşmüş şəxslərlə bağlı mövzulara həssas yanaşmağa çağırır. Təəssüf ki, hazırda haqqında söz açdığımız konkret məsələ ilə bağlı biz bu həssaslığı görə bilmədik.
Ruhi xəstə olan vətəndaşın düşdüyü durumun nəzərə alınmaması və mövcud xüsusda meydana çıxan yanlışlıq cəmiyyətdə gərginlik effekti yaratdı. Gərginliyin yaranması isə, eyni zamanda, peşəkar media adına yolverilməz hərəkətdir...”.
MŞ bəyanatında bir daha kütləvi informasiya vasitələrimizin təmsilçilərini, müstəqil jurnalistləri Vətən müharibəsi ilə bağlı mövzulara münasibətdə həssaslıq nümayişinə, peşəkarlığa, yayılmış fikirlərin informasiya dəyərini yoxlamağa, onların reallıq dərəcəsini nəzərdən keçirməyə, müvafiq dəqiqləşdirmələr aparmağa çağırıb.
Ekspertlər hesab edirlər ki, şəhid anasının adından istifadə edənlər, bu həssas mövzu ilə manipulyasiya edənlər, adını jurnalist qoyub, amma dəqiqləşməmiş məlumatlar yayanlar, şəhid anası olmayanları “qəhrəmanlaşdıranlar” sərt şəkildə qınanmalıdır. Bunun peşəkarlığa zidd olduğunu deyən ekspertlər hesab edirlər ki, dəqiqləşdirilməmiş məlumatların ictimailəşdirilməsi, onun ətrafında şoular düzəldilməsi olduqca mənfi haldır.
“Müdafiə Nazirliyi özü bu məsələləri diqqətə götürməli və belə şayiələrin yayılmasına qarşı tədbir görməlidir”
Siyasi icmalçı, tanınmış media eksperti Azər Həsrət “Baki-Xəbər”ə bildirdi ki, sözügedən saxta reportaj olduqca inandırıcı şəkildə təqdim edildiyi üçün o özü də bir anlıq buna inanıb: “Əslində, mən özüm də o saxta, yanlış informasiyanın qurbanı olmuşam. Çünki kifayət qədər geniş şəkildə yayımlanırdı, hətta videogörüntülər var idi, ciddi-ciddi müzakirəsi gedirdi. Heç bir təkzib olmadığına görə düşündüm ki, bu həqiqətdir, buna şübhə etmək belə könlümdən keçmədi. Hətta öz duyğularımı paylaşdım ki, belə olması ağır haldır və sair. Amma sonra məlum oldu ki, təqdim edilənlər həqiqət deyilmiş, burada söhbət psixi tarazlığı yerində olmayan bir qadının uydurduqlarından gedir. Əlbəttə ki, burada jurnalistlərin diqqətli olması vacib idi. Bu informasiyanı ilkin olaraq mətbuata ötürən jurnalistlər araşdırma aparmalı, sonra bunu təqdim etməli idilər. Hər yerindən duran durub iddia edəcək ki, mənim oğlum müharibəyə getdi, itkin düşdü və sair. Əlbəttə, bunu dəqiqləşdirmək üçün Müdafiə Nazirliyi var, Hərbi Səfərbərlik Xidməti var. Yəni həmin qurumlardan dəqiqləşdirmək olardı ki, bu adda adamlar səfərbər olunublarmı, olunublarsa, şəhid olublarmı və sair. Mənə elə gəlir ki, bizim jurnalistlərimiz bu məsələdə irəli getməli idilər. Sual oluna bilər ki, mən özüm niyə bunu etməmişəm? Mən onu ilkin yayanlardan deyiləm və ümumiyyətlə, o məsələ ilə məşğul olmamışam. Şəxsən mən, sadəcə olaraq, çox geniş yayıldığına görə reaksiya vermişəm.
Deməyim odur ki, biz bundan sonrakı mərhələdə daha diqqətli olmalıyıq. Əgər xatırlayırsınızsa, bir nəfər gənc də televiziyaya çıxıb ermənilərə qarşı vuruşmağından danışırdı, amma məlum oldu ki, bu adam, ümumiyyətlə, savaşda iştirak etməyib. Yəni bu cür fırıldaqçılar, fürsətdən yararlanmaq istəyənlər də, eyni zamanda, psixi durumu yerində olmayanlar da var”.
Ümumiyyətlə, şəhid, qazi, savaş məsələləri ilə bağlı yazarkən, xüsusən də informasiya hazırlayarkən mütləq bunu Müdafiə Nazirliyi ilə dəqiqləşdirməyin vacib olduğunu deyən A.Həsrət təəssüflə qeyd edir ki, bunu Müdafiə Nazirliyi ilə dəqiqləşdirmək elə də asan məsələ deyil: “Çünki bu qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin işi müharibə ilə əlaqədar müəyyən qədər diqqət çəkirdisə, təqdir edilirdisə, yenidən əvvəlki vəziyyətinə qayıdıb. Yəni hadisə baş verir və saatlarla, günlərlə gözləyirik, amma Müdafiə Nazirliyinin açıqlaması olmur. Yəni bu qurum dəqiqləşdirmə aparılması üçün o qədər də əlçatan deyil. Sosial media aktivliyi olduqca aşağı düşüb. Ona görə də düşünürəm ki, Müdafiə Nazirliyi özü bu məsələləri diqqətə götürməli və belə şayiələrin yayılmasına qarşı tədbir görməlidir. Elə bu qadının “iki oğlum müharibədə itkin düşdü” iddiası yayılan andan nə üçün Müdafiə Nazirliyi dərhal təkzib verib, buna aydınlıq gətirmədi? Bəzən saatlarla, günlərlə belə yalan informasiyalar mətbuatda, sosial şəbəkələrdə dolaşır, amma nazirlik buna reaksiya vermir. Axırda da deyirlər ki, bu yalan imiş, belə bir şey yoxdur. Sən buna anındaca reaksiya verəcəksən. Bəs sosial media nə üçündür? Bu baxımdan bu məsuliyyəti təkcə jurnalistlərə yükləmək doğru deyil, həm də bu cür informasiyalara cavabdeh olan dövlət qurumları da məsuliyyət payını almalıdır. İndiki halda isə Müdafiə Nazirliyi və Səfərbərlik Xidməti jurnalistlərlə bərabər bu məsələnin məsuliyyət yükünü paylaşmalıdır” - deyə A.Həsrət bildirdi.
İradə SARIYEVA