Prezident İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında Fərman imzalayıb. Fərmana görə, mərkəzi və yerli icra hakimiyyəti orqanları və dövlət qurumları Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyi təşkil edilmiş ərazilərdə fəaliyyətlərini xüsusi nümayəndə ilə əlaqələndirilmiş qaydada həyata keçirəcək.
Qeyd edək ki, Prezidentin xüsusi nümayəndəlikləri haqqında Əsasnamə Azərbaycan Prezidentinin 2021-ci il 4 fevral tarixli Fərmanı ilə təsdiq edilib.
Prezidentin xüsusi nümayəndələri təyin edilən rayonlara icra başçıları gərək olmaya bilərmi?
Beynəlxalq idarəetmə üzrə ekspert Asif İbrahimli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Əsasnamə ilə tanış olduqda, xüsusi nümayəndələrə böyük səlahiyyətlərin verildiyi məlum olur: “Biz hər zaman büdcə yükünün azaldıması təklifi ilə çıxış etmişik. Məlumdur ki, həmin nümayəndələrin təyini icra hakimiyyətlərinin ləğvi fonunda baş vermir. Faktiki olaraq, həm icra başçısı, həm də xüsusi nümayəndə fəaliyyət göstərəcək. İndiyə qədər xüsusi nümayəndələrin statusunun tam bəlli olmaması səbəbindən biz mövzunu ətraflı şərh edə bilmirdik. Yaxşı olar ki, bir-biri ilə paralellik təşkil edən qurumlardan birinin fəaliyyəti dondurulsun. Çünki xüsusi nümayəndələrə də öz aparatını formalaşdırmaq gərək olacaq. Əsasnamədən də görünür ki, onlara tapşırılan işlərin öhdəsindən gəlmək üçün sağlam aparat, işçilər lazımdır. Bu da büdcəyə əlavə yük sayıla bilər. Xüsusi nümayəndələr oradakı işləri tam həll edib əhalini ora köçürəndən sonra bu məsələyə yenidən baxıla bilər. Əgər həmin rayonlar üzrə icra hakimiyyətləri saxlanacaqsa, onların səlahiyyətləri məhdudlaşmalı, konkret fəaliyyət sahəsi tapşırılmalıdır. Belə olmasza, yaranan paralellik idarəetmənin effektini aşağı sala bilər”.
Ekspertin sözlərinə görə, Azərbaycan dövlətinin oturuşmuş idarəetmə modeli var:”Bura mərkəzi icra hakimiyyəti və onun yerlərdəki funksiyalarını icra edən qolları aiddir. Azərbaycanda hansısa bölgəyə tamamilə fərqli idarəetmənin tətbiqi mümkün deyil. Ən yaxşısı budur ki, bir qurum fəaliyyətini davam etdirsin. Hazırda bir qədər çeviklik lazımdır. Çünki həm ərazi var, həm də orada görüləcək böyük işlər bizi gözləyir”.
Məhəmmədəli QƏRİBLİ