Qarabağın Rusiya sülhməramlılarının nəzarəti altındakı zonasında olan ermənilər yenə də baş qaldırmağa cəhd edirlər. Görünən budur ki, uzun illər boyu Azərbaycanın bu bölgəsində meydan sulayan xunta rejiminin tör-töküntüləri revanş üçün məqam gözləyirlər və bunu gizlətmirlər də.
Xüsusilə də “Artsax”ın “təhlükəsizlik şurası”nın “katibi” kimi təqdim olunan terrorçu Vitali Balasanyanın vəziyyəti yenidən gərginləşdirmək cəhdləri davamlı şəkildə müşahidə olunur. Balasanyan yerli televiziyadakı çıxışında bölgədəki qanunsuz silahlıların tərksilah olunacağı və “Artsax”ın “müdafiə ordusu”nun ləğv olunacağı haqda mətbuat yazılarının həqiqətə uyğun olmadığını deyib və bu qüvvələrin “sərhədlərin müdafiəsi” ilə məşğul olduğunu bildirib. Balasanyan Qarabağdakı ermənilərin “təhlükəsizliyini” təmin etmək üçün əraziyə peşəkar muzdluların gətirildiyini, Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə peşəkar silahlı dəstələrin yaradıldığını söyləyib: “Bəzi media və sosial şəbəkələrdə Qarabağ “müdafiə ordusu”nun ləğv ediləcəyi və sərhədlərin müdafiəsinin təşkil olunmayacağı barədə məlumatlar yayılır. Qarabağın “dövlət orqanları” hazırda sərhədlərimizi qorumaq məqsədilə müqavilə əsasında peşəkar hərbi hissələrin formalaşdırılması ilə məşğuldurlar”.
O, əmin edib ki, döyüş əməliyyatları nəticəsində ciddi ziyana baxmayaraq, “dövlət” əhalinin təhlükəsizliyini və normal həyatı təmin etmək öhdəliklərini yerinə yetirməkdə davam edir.
Bir sıra ermənilər, o cümlədən, jurnalistlər belə, Balasanyanın cəfəngiyyatlarını ələ salıblar. Ancaq, istənilən halda, Azərbaycanın ərazilərində onun bu cür açıqlamalarla çıxış etməsi təhlükəli və yolverilməzdir. Nəzərə alsaq ki, Rusiya sülhməramlıları ora nəzarət edir, onlar belə hallara qarşı müdaxilə etməlidirlər.
“Ancaq Rusiya tərəfi burada erməni silahlı birləşmələrini qorumaqla vəziyyəti mürəkkəbləşdirir”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən yanaşdı: “Qarabağda Rusiyanın sülhməramlı qüvvələrinin məsuliyyət zonasında fəaliyyət göstərən separatçıların liderlərindən olan Vitali Balasanyanın “Artsax” “müdafiə ordusu”nun gücləndirilməsini, “sərhədlərin” daha da güclü təhlükəsizlik qüvvələri tərəfindən qorunmasi üçün işlər görəcəklərini vurğulması populizmdir. Bundan sonra separatçıların güclənməsi qeyri-mümkündür. Azərbaycanlıların Xankəndi və digər ərazilərə köçürülməsi ilə bağlı məsələlərin həllinə gəldikdə isə, bu, yaxın perspektivdə mümkün deyil. Çünki erməni silahlı qüvvələri bu ərazilərdə qalmaqdadır. Onların burada qalması təhlükəsizlik risqidir. Ümumiyyətlə, bundan sonra ermənilərin Qarabağda əvvəlki illərdə olduğu kimi rahat yaşaması, separatçıların güclənməsi mümkün deyil. Ancaq Rusiya tərəfi burada erməni silahlı birləşmələrini qorumaqla vəziyyəti mürəkkəbləşdirir. Ermənistan silahlı qüvvələri bundan sonra Qarabağda öz silahlı qüvvələrini yerləşdirməyəcək. Bu, digər ölkənin ərazisinə qanunsuz hərbi müdaxilədir. Ermənistan öz hərbçilərini bu ərazilərə göndərərsə, Rusiya sülhməramlı qüvvələri bunun qarşısnı almasa, Azərbaycan Ordusu Qarabağda hərəkətə keçməlidir”.
Politoloq onu da qeyd etdi ki, Balasanyan, Arayik Arutunyan Ermənistanda Robert Köçəryanın hakimiyyətə gəlməsinə və vəziyyətin düzələcəyinə ümid edirlər: “Hesab edirəm ki, separatçıların belə açıqlamalarla çıxış etməsinin bir səbəbi də bununla bağlıdır. Hesab edirlər ki, Ermənistan rəhbərliyi və paralel olaraq Rusiya onları yenidən silahlandırıb, müharibənin başlanmasına gedəcəklər. Ötən illərin ssenarisinin yenidən baş verməsi üçün R.Köçəryanın hakimiyyətə gəlməsinə maksimum çalışırlar. Ancaq Türkiyənin Qarabağda olması Rusiyanın gələcəkdə təxribatlarının qarşısını alır”.
Politoloq hesab edir ki, Azərbaycanın Şuşada yerləşən hərbi qüvvələri separatçılarıın başı üzərində “domokl qılıncı” olmalıdır.
Vidadi ORDAHALLI