Prezident İlham Əliyev Vüqar Süleymanovu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirib ki, azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir:
“Bu vəzifə icra olunmadan hər hansı bir inkişafdan söhbət gedə bilməz. Hətta hazırda yolların, dəmir yolunun çəkilişi ilə bağlı işləri də biz ancaq istehkamçılar o əraziləri minalardan təmizləyəndən sonra görə bilirik. Odur ki, orada istənilən fəallıq, istənilən inkişaf minalardan təmizləmə işindən asılıdır. Ona görə, biz həm sürəti artırmalıyıq, eyni zamanda, minalardan təmizləmə işi elə aparılmalıdır ki, o işlər başa çatandan sonra hər hansı bir təhlükə olmasın”.
Agentliyin qarşısında böyük vəzifələr durduğunu qeyd edən dövlət başçısı deyib: “İlk növbədə, işin düzgün təşkil edilməsi məsələsinə diqqət yetirməlisiniz. Təşkilatlanma işi düzgün həll edilməlidir. Yaradılan yeni agentlik dövlət agentliyidir. Əlbəttə ki, ilk növbədə, peşəkar kadrlar seçilib agentliyin işinə cəlb edilməlidir. Təbii ki, keçmiş ANAMA qurumunun kadrlarından istifadə edilməlidir, eyni zamanda, agentliyin say tərkibi də müəyyən olunmalıdır. Çünki azad edilmiş torpaqlarda işləri sürətlə, keyfiyyətlə qurmaq və aparmaq üçün, əlbəttə ki, agentliyin daha da böyük işçi qüvvəsi olmalıdır”.
Prezident vurğulayıb ki, əsas vəzifələrdən biri də yeni texnikanın alınmasıdır. “Son illərdə bu sahədə texnoloji inkişaf özünü qabarıq şəkildə büruzə verir. İndi elə maşınlar, mexanizmlər, texnika var ki, işi həm sürətləndirir, həm də keyfiyyətlə aparmağa imkan verir. Ona görə, baxın, dünyanın aparıcı istehsalçıları olan şirkətlərin ən müasir texnikası ölkəmizə gətirilməlidir. Çünki işin keyfiyyəti və sürəti bundan asılı olacaq. Bizim keçmiş köçkünlərimiz 30 il vətən həsrəti ilə yaşayıblar. Ona görə minatəmizləmə işləri elə aparılmalıdır ki, biz qısa müddət ərzində bərpa işlərinə start verə bilək və beləliklə, vətəndaşlar inşaat işləri başa çatandan sonra öz torpaqlarına qayıda bilsinlər”.
Göründüyü kimi, ölkə başçısı ərazilərin minalardan təmizlənməsi ilə bağlı məsələyə kompleks aspektdən yanaşıb. Ölkə başçısının açıqladığı sxem üzrə hərəkət hansı effekti vermiş olacaq?
Təhlükəzizlik məsələləri üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yaradılması ciddi zərurətdən irəli gəlib: “Çünki hazırda belə bir dövlət qurumunun yaradılmasına və daha funksional şəkildə fəaliyyət göstərməsinə ehtiyac duyulur. Azərbaycanın böyük əraziləri işğaldan azad edilib. Ərazi min kvadrat kilometrlərlə ölçülürsə, deməli, əməli fəaliyyət ortaya qoyulmalıdır. Bu səbəbdən də yeni qurum yaradılıb. Ölkə başçısı qurumun yeni rəhbərini təyin edərkən ona ciddi tövsiyyələr verdi. Ən əsası isə, bu işi bir-biri ilə bağlı olan parametrləri həyata keçirməklə qurmağı onun qarşısında başlıca məqsəd kimi qoydu. Təbiidir ki, bura peşəkar kadrların cəlbi, dünya praktikasının öyrənilməsi, xaricdən xüsusi texnikaların gətirilməsi, hətta bizim ordunun istehkamçılarından da istifadə olunması kimi amillər aiddir. Artıq bu istiqamətlər üzrə müəyyən addımların atılmasına başlanıb. Türkiyə Azərbaycana yerli istehsalı olan minatəmizləmə maşınları göndərməyə start verib. Bildirilir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin nəzdində olan ASFAT MMC tərəfindən yerli və milli imkanlarla istehsal edilən 20 ədəd MEMATT (Mexaniki Mina Təmizləmə Təchizatı) qardaş ölkə Azərbaycana ixrac edir. Hesab edirəm ki, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi həm təhlükəsizliyin təmini, həm də əhalinin ora köçürülməsi baxımından olduqca önəmlidir. Bu prosesin mərhələləi şəkildə həyata keçiriləcəyi istisna olunmur”.
Ekspertin sözlərinə görə, bunlar mina təsirindən tamamilə azad edilmə və infrastrukturun bərpası üçün mina təsirindən azad edilmə dövrləridir:
“İnfrastrukturun bərpası üçün mina təmizlənməsi yekunlaşandan sonra, ərazilər yerli sakinlərin ixtiyarına veriləcək. Lakin ən ucqar ərazilərdən minaların götürülməsi uzun müddət tələb edir. Bu tam prioritet olmadığı üçün mərhələli şəkildə həyata keçiriləcək. Hazırda əsas prioritet sahələr dəhlizlər və insanların yaşayacağı ərazilərdir. Digər ərazilər isə sonrakı mərhələlərdə minalardan təmizlənərək yerli icra orqanları, sakinlər və aidiyyəti üzrə təhvil veriləcək”.
Ekspert bildirdi ki, bu prosesə ordumuzun da uyğun kontigentinin cəlbi nəzərdə tutulur: “Bu da prosesin sürətli aparılmasına səbəb olacaq”.
Məhəmmədəli QƏRİBLİ