Məlumdur ki, ötən ilin noyabrında Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan bəyanatda yer alan Mehri rayonundan keçərək Naxçıvanı Azərbaycanın digər rayonları ilə birləşdirəcək dəhlizin açılması əsas prioritetlərdəndir. Bu məsələ hər üç ölkə liderinin yanvarın 11-də imzalanan növbəti bəyanatı ilə yenidənn təsdiqini tapıb.
Azərbaycan üçün bu dəhliz olduqca mühümdür. İlk növbədə o baxımdan ki, Naxçıvan dəhlizinin açılması muxtar respublikanın iqtisadi blokadadan azad olunmasına imkan yaradır. Hazırda Naxçıvanla hava və quru əlaqəsi İran və ya Türkiyə ərazisilə mümkündür. Ona görə də Naxçıvanla birbaşa əlaqənin qurulması vaxtı və xərcləri azaltdığından, Azərbaycan və Naxçıvan üçün yeni iqtisadi inkişaf imkanları yaradacaq. Naxçıvan dəhlizi, eyni zamanda, region ölkələri üçün yeni imkanlar yaradacaq, Türkiyə bu dəhlizdən istifadə etməklə Azərbaycana birbaşa çıxış əldə edəcək. Amma Naxçıvan dəhlizinin yaradılması regionun digər ölkələri ilə alternativ quru yolunun açılmasına imkan yaratdığından Rusiya üçün də faydalı olacaq. Belə ki, Rusiyanın dəmir yolu şəbəkəsi Azərbaycanın dəmir yolları ilə əlaqəli olduğundan, bu ölkədən gələn qatarlar Naxçıvan dəhlizinə çataraq oradan asanlıqla İran, Türkiyə və Ermənistana gedən xətlərə birləşdiriləcək. Ermənistan özü də Naxçıvan dəhlizindən faydalana bilər. Bu dəhlizdən istifadə etməklə Ermənistan özünün iqtisadi blokadasına son qoya, regional nəqliyyat layihələrinə qoşula və ən əsası, Avrasiya İqtisadi Birliyinin bazarlarına çıxış əldə edə bilər. Həmçinin Türkiyəyə də rahat çıxış əldə edə bilər. Rusiya Silahlı Qüvvələrinin polkovniki, hərbi ekspert Konstantin Sivkov da bunu vacib sayır. Lakin o, Ermənistan hökumətinin Türkiyəni tanımadığına diqqət çəkərək, bu məsələnin artıq həllinin vacib olduğunu qeyd edir. Ermənistanın “1in.am” nəşri də yazır ki, bu artıq həllini tapmalıdır: “Məsələ burasındadır ki, rus polkovnik ekspertindən soruşmaq lazımdır, bəs Rusiya Türkiyənin nə olduğunu bilirmi? Çünki Rusiya Təhlükəsizlik Şurasının rəhbəri, prezident Vladimir Putin və onun müavini Dmitri Medvedyev, məsələn, Türkiyəni güclü və etibarlı bir tərəfdaş hesab edirlər. Rusiya Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanı sözünə sahib kişi adam, Türkiyəni isə etibarlı bir ortaq hesab edir. Şübhə yoxdur ki, Putin və Medvedyev bunu sonsuz sevgidən deyil, Türkiyəyə layiqincə cavab verə bilmədikləri, zəif olduqları üçün, gücləri çatmadığına, daxili və xarici problemləri çox olduğuna görə edirlər, dillərini dişlərində sıxaraq gülümsəyir və Türkiyə ilə münasibətləri qəbul edirlər. Məsələ burasındadır ki, ruslar, əlbəttə ki, strateji çərçivələrini razılaşdırırlar, ancaq ermənilər və erməni xalqının da sülh üçün Türkiyəyə münasibətinin dəyişməli olduğunu bəyan edirlər. Əvvəllər bizə deyirdilər ki, Türkiyə düşməndir, pisdir, razılığa gəlməyə, danışmağa və münasibətləri normallaşdırmağa çalışmayın. Biz Türkiyənin mövqeyini bilirik. Məsələ burasındadır ki, təhlükəsizlik imkanlarımız Türkiyədən gələ biləcək təhlükəni təkbaşına zərərsizləşdirmək üçün yetərli deyil. Ancaq Ermənistana qarşı müharibənin göstərdiyi kimi, müttəfiqimiz sayılan və həyati təhlükəsizlik onurğa sütunumuzu Azərbaycan və onun yanında yer alan Türkiyədən qoruya bilməyən Rusiya da bu qabiliyyətə sahib deyil. Üstəlik, Türkiyə ilə razılığa gələrək Ermənistanı heçə saydı. Deməli, müttəfiq ölkənin bir daha Türkiyəni cilovlaya bilməyərək onunla razılığa gəlmək məcburiyyətində qalmayacağı və ödənişin ermənilərdən ediləcəyi bir vaxtda Ermənistanın bir daha belə bir vəziyyətə düşməyəcəyinə dair bir zəmanət varmı? Ermənistanda baş verənlər artıq Türkiyə ilə danışmağı düşünmək ehtiyacını doğurur. Müttəfiqimiz sayılan dövlət Türkiyəni cilovlamaq və bizi qorumaq iqtidarında deyilsə, ümumiyyətlə bu ittifaqın mənası nədir? Belə olan halda, qaytarılmaz itkilər verdikdən sonra müttəfiqimiz bunun hesabına düşmənlə barışmalı olursa, onda bu düşmənlə özümüz danışıq aparmaq üçün bir yol tapmağa çalışa bilərik. Əlbəttə ki, Türkiyə ilə birbaşa dialoq imkanına əlavə olaraq, Türkiyəni cilovlamaq üçün alternativ mexanizmlərini, bu məsələdə yeni bir ortaq müttəfiq qazanma ehtimalını da nəzərdən keçirməliyik. Çünki Ermənistan və müttəfiqi üzərində üstünlük hiss edən Türkiyənin Ermənistandan daima yüksək qiymət tələb edəcəyi aydındır. Onsuz da Ermənistan Rusiya ilə Türkiyə arasındakı dialoq üçün yüksək bədəl ödəyir”.
Bunlar fonunda hesab edilir ki, Ermənistanın kənar təsir olmadan Türkiyə ilə razılığa gəlməsi onun regionda mövqeyi və sonrakı inkişafı üçün mühümdür. Əks təqdirdə Ermənistanın məhvi qaçılmazdır.
Nahid SALAYEV