Məlum olduğu kimi, avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, cəbhənin bu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytenant Qurgen Alberyan əsir götürülüb: “Bir daha bildiririk ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.
Erməni diversiya-kəşfiyyat qrupunun itki verərək geri çəkilməsi və komandiri Qurgen Alberyanın Azərbaycan Ordusu tərəfindən əsir götürülməsi ilə bağlı Ermənistan Müdafiə Nazirliyi gülünc açıqlama yayıb. Qurumun mətbuat katibi Şuşan Stepanyan zabit Q.Alberyanın guya “hərbi mövqeləri yoxlamaq üçün” getdiyini, ancaq “hava şəraitinin pis olması səbəbindən azdığını" bildirib.
Təbii ki, bütün bunlar düşmən tərəfin uydurmasıdır. Bütün hallarda, diversantın əsir götürülməsi Ermənistanın növbəti hərbi təxribatlara meylli olduğunu göstərirmi? Digər tərəfdən, Tovuzda açıq döyüşlərdə burunları əziləndən sonra demək olarmı ki, Azərbaycana qarşı hərbi taktikanı qismən dəyişirlər?
“Əsas məqsəd itirdikləri mövqeləri yenidən ələ keçirib, Azərbaycanın cəbhə xəttindəki manevr imkanlarını zəiflətməkdir”
Məsələyə münasibət bildirən hərbi ekspert Ramil Məmmədli buna bir neçə aspektdən yanaşdı: “Əvvəla Ermənistan zaman-zaman təxribatlara meylli olub. Ordumuza qarşı təxribatlar törədirlər. Dəfələrlə biz bunun şahidi olmuşuq. 2016-cı ilin Aprel döyüşləri, 12 iyulda Tovuz istiqamətində baş verən döyüşlər buna əyani sübutdur. Sözügedən döyüşlərin əsas hədəfi məhz belə kəşfiyyat-təxribat hərəkətləri idi. Ermənistan daxilində neçə vaxtdır siyasi gərginlik hökm sürür. Ölkənin siyasi rəhbərliyi çıxış yolunu məhz belə təxribatlara əl atmaqda görür. Burada hərbi məqsəd də var. Hərbi məqsəd ondan ibarətdir ki, erməni tərəfi Aprel döyüşlərində itirdiyi mövqeləri geri almaq istəyir. O zaman işğalçı qüvvələr Goranboy istiqamətində ağır məğlubiyyətə uğradılar. Onlar həmin ərazidə mövqelərini yenidən bərpa etmək üçün bir sıra hərbi əməliyyatlar keçirməyə cəhd ediblər. Dəfələrlə belə olub. Sadəcə, bu dəfə onların kəşfiyyat bölməsi Azərbaycan hərbçiləri tərəfindən zərərsizləşdirilib. Həmçinin, onların komandiri əsir götürülüb. Fikrimcə, qarşı tərəfin bu kimi təxribatları davam edəcək və bu son deyil. Tovuz döyüşlərində ağır məğlubiyyətə uğrayan Ermənistan ordusu taktikanı dəyişsə də, nəyəsə nail ola bilməyəcək. Silahlı Qüvvələrimiz müdafiəni ən yüksək səviyyədə qurublar. Ermənilərin bu təxribatının arxasında siyasi məqsədlər də var. Çox güman ki, üçüncü tərəf də Ermənistana belə bir tapşırıq verir. Ancaq əsas məqsəd itirdikləri mövqeləri yenidən ələ keçirib, Azərbaycanın cəbhə xəttindəki manevr imkanlarını zəiflətməkdir. Ancaq hər dəfə buna nail ola bilmirlər”.
Hərbi ekspet hesab edir ki, düşmən tərəfi hansısa formada taktikanı dəyişsə belə, öz məqsədlərinə çata bilməyəcək.
Vidadi ORDAHALLI