Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müsahibəsində deyib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda konstruktiv iştirakını təmin etdi, lakin Ermənistan dağıdıcı siyasət yürütməkdə davam edir.
H.Hacıyev bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gələndə Azərbaycan əvvəlcə ehtimal etdi ki, ölkənin əvvəlki rəhbərliyindən fərqli siyasət yürüdəcək.
Prezidentin köməkçisi Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı görüşü xatırladıb. H.Hacıyev deyib ki, o zaman Ermənistanın baş naziri ölkəsində bəzi dəyişikliklər etmək, parlament seçkilərinə hazırlaşmaq və sair işlər üçün vaxt verməsini xahiş edib:
"Öz növbəsində, Azərbaycan danışıqlar prosesində konstruktiv iştirakını təmin etdi və tələb olunan vaxtı verdi, atəşkəsin təmin edilməsi üçün tədbirlər gördü, amma təəssüf ki, Ermənistan tərəfdən qarşılıqlı münasibət görmədik".
Onun sözlərinə görə, Ermənistan hökuməti destruktiv siyasətini davam etdirdi. O vurğulayıb ki, bu siyasətin mahiyyəti yeni ərazilərə və yeni müharibələrə çağıran Ermənistanın hərbi hücum doktrinasından irəli gəlir. Azərbaycan Paşinyana bu vaxtı verməklə nə qazana bildi?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanın baş naziri Nikol Paşinyan hələ siyasi fəaliyyəti dövründə Dağlıq Qarabağ konfliktinin həlli ilə bağlı daxili və xarici auditoriyalara yönəlik müxtəlif mövqeli, problemin həlli ilə bağlı bir-birinə zidd fikirlər söyləyib:“Paşinyan xarici ölkələrdə, beynəlxalq təşkilatların tədbirlərində demokrat imici qazanmaq üçün loyal mesajlar verir, ölkə daxilində isə fikirləri həmişə radikal daşnak partiyasının mövqeyi ilə üst-üstə düşürdü. Paşinyan Avropa Birliyinin Cənubi Qafqazda regional təhlükəsizlik mövzusunda təşkil etdiyi konfransların birində çıxış etmişdi. O, konfliktin həlli yollarının müzakirəsi zamanı Dağlıq Qarabağ ətrafında işğal olunmuş rayonları Azərbaycana vermədən nizamlanma ilə bağlı danışıqlar aparmağın mümkün olmadığını bildirmişdi. Məhz elə həmin il Ermənistan parlamentində “İrs” fraksiyasının təklif etdiyi qondarma Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı qanun layihəsini dəstəkləmişdi. Qanun layihəsi özlüyündə Dağlıq Qarabağ ətrafında işğal olunmuş rayonlardan bufer zona – təhlükəsizlik zonası məqsədilə istifadəni nəzərdə tuturdu.
Mənim fikrimcə, Azərbaycanda Paşınyanın sələflərindən fərqli bir baş nazir ola biləcəyi gözləntisi heç bir zaman olmayıb. Sadəcə, yeni baş nazir kimi xarici siyasətdə ata biləcəyi addımlarla bağlı Paşınyanın özünün dürüst bir baş nazir imitasiyası olub.
Azərbaycan danışıqlar prosesində konstruktiv iştirakı ilə nə qazandı sualına gəlincə, aradan keçən iki il ərzində Paşınyan mütəmadi olaraq Dağlıq Qarabağ danışıqları ətrafında ATƏT-in Minsk Qrupu çərçivəsində əldə olunmuş razılaşmalara zidd addımlar atdı. Paşinyanın problemin həllində tərəflərin razılaşdırdığı bəndlərin pozulması ilə müşayiət olunan, yenilənmiş Madrid prinsiplərinin şübhə altına alınması anlamına gələn mövqe sərgiləməsi Azərbaycanın nəinki nizamlama prosesindəki, ümumiyyətlə Cənubi Qafqazda güvənli siyasi tərəfdaş mövqeyini möhkəmləndirdi.
Bu iki il ərzində Paşınyan administrasiyası təkcə MDB deyil, həm də ABŞ və Avropa Birliyi rəsmiləri ilə Dağlıq Qarabağ konfliktinin nizamlanması mövzusu ətrafında müzakirə və danışıqların detallarını saxtalaşdırdı. Məsələn, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonla telefon danışığının detalları dəyişdirildi, Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə apardığı telefon danışığının detalları saxtalaşdırıldı, Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun KTMT sammiti ilə bağlı bəyanatının mətni dəyişdirildi. Bütün bunlar isə Azərbaycanın ədalətli və beynəlxalq hüquqa dayanan mövqeyini daha da möhkəmlətdi. Yəni bizim iştirakımızla gedən proseslərdə Paşınyan güvənsiz baş nazir kimi, administrasiyası isə saxtakar administrasiya kimi təsdiqləndi”.
Demək olar ki, Azərbaycanın loyallıq nümayiş etdirdiyi zaman kəsiyində Paşinyan özünü tam ifşa etmiş olub.
Məhəmmədəli QƏRİBLİ