Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin karantin qaydalarını pozaraq, bu günlərdə nəvəsinə toy etməsi cəmiyyətdə ciddi narahatlıq yaratdı. Heç şübhəsiz ki, toyun təşkilatçılarının, eləcə də iştirakçılarının inzibati və digər qaydada məsuliyyətə cəlb edilməsi ictimaiyyətin ürəyincə oldu, bu bir daha hamının qanun qarşısında bərabər olduğunu təsdiqlədi.
R.Mehdiyevin dövlətimizin mövcud qanunlarına, karantin qaydalarına zidd addım atması onun rəhbərlik etdiyi AMEA-da da ciddi narazılıqla qarşılanıb. AMEA-dakı mənbələrimizdən əldə etdiyimiz məlumata görə, R.Mehdiyevin bu davranışları qurumun Rəyasət Heyətində ciddi müzakirə olunur. Akademiyada dolaşan xəbərlərə görə, Rəyasət Heyətinin növbədənkənar toplantısı keçirilə bilər. Hətta AMEA-da növbədənkənar prezident seçkilərinin keçiriləcəyi barədə də məlumatlar dolaşır. Alimlər hesab edirlər ki, R.Mehdiyevin və digər akademiklərin antidövlətçi mövqeyi AMEA əməkdaşlarının narazılığına səbəb olmaqla yanası, həm də növbədənkənar AMEA prezidenti seçkilərinin keçirilməsinə də əsas yaradır.
AMEA-nın sabiq əməkdaşı, professor Bəhmən Sultanlı “Bakı-Xəbər”ə bildirdi ki, Akademiyada növbədənkənar prezident seçkilərinin keçirilməsi gözləniləndir və buna, birmənalı olaraq, ehtiyac var. “Ramiz Mehdiyevin göstərdiyi davranışlara görə Akademiyada növbədənkənar prezident seçkisinin keçirilməsinə yanaşmalar bir qədər mübahisəlidir. Amma bu qurumda növbədənkənar prezident seçkilərinin reallaşdırılması çox faydalı olardı. Buna ciddi zərurət var. Əvvəla Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edildikdən sonra onun Akademiyanın prezidenti seçilməsi düzgün deyildi, gərək Rəyasət Heyəti buna getməyəydi. Çünki heç vaxt Akademiyanın prezidenti ictimai elmlər sahəsindən olmayıb. Mən Akademiya sistemi mövcud olan bütün respublikalarla bağlı araşdırma aparmışam. Siyahını götürüb baxmışam. Keçmiş SSRİ Elmlər Akademiyası prezidentlərinin heç biri ictimai elmlər sahəsindən olmayıb. Həmçinin də Azərbaycan Elmlər Akademiyası, Gürcüstan Elmlər Akademiyası, Ukrayna Elmlər Akademiyası və sair prezidentlərinin hamısı təbiət və texniki elmlər sahəsində tanınan, görkəmli alimlər olublar. Amma R.Mehdiyev ictimai elmlər sahəsində çalışıb, o, elmdən çox təşkilati işlə məşğul olub. Sonra gəlib Milli Elmlər Akademiyasının prezidenti olub. Mənə elə gəlir ki, Akademiyada növbədənkənar prezident seçkilərinin keçirilməsi və onun AMEA prezidenti vəzifəsindən getməsi bizim mənafeyimizə tamamilə uyğundur. Bununla yanaşı, qanuna da uyğundur. Akademiyanın Rəyasət Heyəti növbədənkənar seçki keçirə bilər, bu onun hüququdur. Çünki bu, bütün mənalarda, vacibdir. Deyim ki, bu olaydan sonra seçkilər keçirilməsə, Akademiyada bir çox mənfilik, dövlətimizə, dövlətçiliyimizə zərbə vuran başqa məsələlər gözlənir” - deyə B.Sultanlı qeyd etdi.
İradə SARIYEVA