Cəbhə və sərhəd xəttində baş verənlər işğalçı Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həllində hələ də maraqlı tərəf olmadığını yenidən nümayiş etdirdi. Belə ki, hər iki istiqamətdə erməni təxribatları ara vermir. Düşmən hər dəfə layiqli cavabını almasına baxmayaraq, təxribatlarına son qoymur və bu da yeni hərbi əməliyyatları tətikləyən faktor kimi çıxış edir.
Təxribatlar ermənilərin itkilərini artırır...
Ermənistanın təxribatlarının qarşısı hər dəfə ordumuz tərəfindən qətiyyətlə alındığından, düşmən xeyli itkiyə məruz qalır. Hətta bu olay zamanı düşmən hərbçiləri, o cümlədən zabitləri dəfələrlə əsir də düşüb. Elə avqustun 23-də cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun təxribat törətməyə cəhd etməsi zamanı yaşananlar da bunun daha bir təsdiqi oldu. Müdafiə Nazirliyindən verilən məlumata görə, cəbhənin bu istiqamətində yerləşən Azərbaycan ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Döyüş zamanı erməni diversiya qrupunun komandiri olan baş leytenant Qurgen Alberyan əsir götürülüb.
Baş verən təxribat bir daha onu göstərir ki, Ermənistan rəhbərliyi özünün çirkin niyyətlərindən və əməllərindən əl çəkmir. Eyni zamanda, düşmən Tovuzda aldığı son dərslərdən də hələ lazımi nəticə çıxara bilmir. Əksinə, Ermənistan və işğal edilmiş ərazilərdə yaradılan qondarma rejimin rəhbərliyi sərsəm bəyanatlar verir, Gəncəni, Mingəçeviri, Naxçıvanı vurmaqla hədələyir. Ardınca Goranboy istiqamətində yeni təxribatlara əl atılır. Bunlar bir daha onu göstərir ki, düşmən məqsədli şəkildə cəbhə bölgəsində gərginlik yaratmaq istəyir. Yuxarıda qeyd olunduğu kimi, düşmənin bütün təxribatlarının qarşısı Azərbaycan ordusu tərəfindən hər dəfə qətiyyətlə alınıb. Erməni diversiya qrupunun komandirinin əsir götürülməsi də bu mənada Azərbaycan ordusunun yüksək səviyyədə hazırlıqlı olduğunu bir daha sübuta yetirir. Üzləşdiyi bu olaydan diqqəti yayındırmaq üçün isə erməni tərəfi yenə sərsəm mövqe sərgiləyir. Belə ki, erməni diversiya-kəşfiyyat qrupunun itki verərək geri çəkilməsi və komandir Qurgen Alberyanın Azərbaycan ordusu tərəfindən əsir götürülməsi ilə bağlı Ermənistan Müdafiə Nazirliyi gülünc açıqlama yayıb. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan Qurgen Alberyanın guya “hərbi mövqeləri yoxlamaq üçün” getdiyini, ancaq hava şəraitinin pis olması səbəbindən "azdığını" bildirib. Lakin bu açıqlamanın reallıqdan çox uzaq olmasını Ermənistanın özündə də yaxşı bilirlər. Reallıq odur ki, düşmən bu dəfə Goranboy istiqamətində təxribata getmək istəyib, amma yenə layiqli cavabını alıb. Ermənistanın "Henaket" analitik mərkəzinin rəhbəri Tiqran Abrahamyan da qeyd edir ki, baş verənlər erməni tərəfinə getdikcə daha baha başa gəlir. O, Azərbaycan ordusunun böyük gücə sahib olmasının da burada öz sözünü dediyini vurğulayır:“Azərbaycan ordusunun döyüş və qələbə əzminin yüksək olduğunu etiraf etmək lazımdır. Hələ 2016-cı ildə baş verən aprel savaşı, demək olar ki, bütün istiqamətləri əhatə edən əməliyyatlar oldu. O əməliyyatlarda iştirak edən yüksək vəzifəli zabit və hərbi qulluqçular orduda hələ də qalır. Onlar məğlubiyyətin acısını hiss ediblər. Və bu da onları həssas edib. Azərbaycan ordusu Qarabağ məsələsini çox qısa müddətdə həll edə bilər. Üstəlik, daim danışılan bəzi epizodlar var, onlardan biri də Azərbaycan Silahlı Qüvvələrinin arsenalından hələ tam istifadə etməməsidir”. Erməni ekspert bildirir ki, Azərbaycan bu halda genişmiqyaslı müharibəyə başlasa, Ermənistan üçün çox çətin olacaq.
Düşmən yenə məkrli niyyətlər güdür...
Indi maraq doğuran məqam ötən ay sərhədin Tovuz rayonu istiqamətində lazımi dərslər alan Ermənistanın nədən növbəti dəfə təxribata cəhd etməsidir. Ekspertlər bu məsələdə Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Azərbaycana gözlənilən səfərinin az rol oynamadığını bildirir.
Qeyd edilən səfər ərəfəsində ermənilər cəbhədə vəziyyəti gərginləşdirib, Sergey Şoyqunun Azərbaycanda hansısa yeni hərbi razılıq əldə etməsini əngəlləməyə cəhd ediblər. Məsələ burasındadır ki, rəsmi məlumatlara əsasən, Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun dəvətilə gələn Sergey Şoyqu Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçirilən “Dəniz Kuboku” müsabiqəsinin bağlanış mərhələsinə qatılacaq. Amma bəri başdan məlumdur ki, Sergey Şoyqu Azərbaycanda sərhəddə erməni təxribatından tutmuş Ermənistana Tovuz döyüşlərindən sonra göndərilən 400 ton hərbi texnika, Azərbaycanla hərb sahəsində mümkün yeni əməkdaşlığa dair də müzakirələr aparacaq. Bu kimi məsələlər, xüsusən də Azərbaycanla yeni mümkün hərbi razılıqlar, o cümlədən Türkiyənin regionda mümkün yeni rolu barədə Bakıda gözlənilən müzakirələr Ermənistanda çox ciddi narahatlıq yaradır. Elə yeni cəbhə təxribatına getmək və vəziyyəti gərginləşdirməklə Ermənistan bu proseslərin qarşısını almağa çalışıb. Amma yenə də uğursuzluğa düçar olub.
Rusiya müdafiə nazirinin qeyd edilən istiqamətlər üzrə Bakıda müzakirələr aparacağı şəksizdir. Özü də nəzərə almaq lazımdır ki, Azərbaycan səfərindən əvvəl Sergey Şoyqu erməni həmkarı David Tonoyanla görüşüb. Moskvada baş tutan görüşdə iyul hadisələrindən sonra Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət müzakirə olunub. Bundan əlavə, nazirlər ikitərəfli hərbi əməkdaşlıq və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Şoyqunun, ən azından, eyni məsələlər üzrə Azərbaycanda da müzakirələr aparması tamamilə təbiidir və buna erməni tərəfinin mane olmaq cəhdi də istənilən halda iflasa məhkumdur.
Bakı müzakirələri Qarabağ məsələsində yeniliklərə yol açacaq...
Sergey Şoyqunun Azərbaycan səfəri regionda mühüm proseslərin cərəyan etdiyi bir dövrə təsadüf etməsi baxımından da xüsusi maraq doğurur. Söhbət ilk növbədə regionda güclənən Azərbaycan-Türkiyə faktorundan gedir. Düzdür, Moskva bundan narahat olsa da, artıq Azərbaycan-Türkiyə tandemini nəzərə almağa məcburdur. İndiki halda bu iki türk dövləti ilə əməkdaşlıq Rusiyanın öz maraqları baxımından da müstəsna əhəmiyyət kəsb edir. Azərbaycan-Türkiyə təlimləri və Türkiyə hərbi rəhbərliyinin Bakıya səfəri fonunda Rusiyanın iki ölkənin birliyinin qarşısını almasının mümkünsüzlüyü Kremldə indi daha yaxşı sezilir. Eyni zamanda, Azərbaycan burada Kremli narazı salmayacaq usta bir gediş də edir. Yuxarıda qeyd olunduğu kimi, Şoyqu Azərbaycan müdafiə nazirinin dəvətilə gəlir. Ekspertlər burada xüsusi olaraq vurğulayır ki, Türkiyə hərbi rəhbərliyinin səfərindən sonra belə bir dəvət Azərbaycanın balans siyasətinin tərkib hissəsidir və Rusiya mütləq bunu nəzərə almalıdır. Lakin son proseslər fonunda Bakı həm də Rusiyaya onu çatdırır ki, Bakı və Ankaranın regionda mövqeyi mütləq hesaba alınmalıdır. Bu mövqenin mühüm tərkib hissələrindən biri Minsk Qrupunun formatının dəyişdirilməsi və Türkiyənin əsas vasitəçilərdən biri olmasına Rusiyanın heç bir maneə yaratmamasıdır. Bu halda Azərbaycan Qarabağ münaqişənin Türkiyə və Rusiyanın iştirakı ilə həll edilməsinə tam şəkildə razılıq verə bilər.
Burada Rusiya tərəfi də yaxşı görür ki, Tovuz döyüşlərinin yaratdığı reallıqlar Türkiyənin Qarabağ münaqişəsinin həllində aktiv iştirakını zərurətə çevirib. Bunun üçün Azərbaycan Moskva ilə razılaşmaların olmasında maraqlıdır. Bakı bir daha bununla regonda Moskvanın mövqeyini nəzərə aldığını göstərir. Amma Türkiyə faktorunun həlledici amil olmasını da Rusiyanın diqqətinə çatdırır. Qeyd edilənlər fonunda tamamilə gözləniləndir ki, Şoyqu Bakı səfərində ruslarla türklərin vasitəçiliyində münaqişə ətrafında hansısa addımların atılmasını müzakirə edəcək. Bu məsələnin ilk olaraq diplomatlar yox, hərbçilər vasitəsilə müzakirə predmeti olması da təsadüfi deyil. Məsələ burasındadır ki, hərbçilər arasında razılıq diplomatik sferada da razılığın daha tez olmasını mümkünləşdirir. Xatırladaq ki, tezliklə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Rusiyaya səfər edəcək. Onun burada məhz qeyd edilən istiqamətdə müzakirələr aparması gözlənir. İndki halda Şoyqu ilə müzakirələr həm də Bakının münaqişənin həllində hərbi variantı ön plana çıxardığı və geri çəkilmək niyyətində olmadığını nümayiş etdirir. Təbii ki, bütün bunlar Ermənistanda ciddi əndişə yaradır. Bu səbəbdəndir ki, Bakı və Ankaranın ruslarla razılaşa biləcəyindən qorxan ermənilər Goranboy istiqamətində təxribata gedərək hansısa razılığa əngəl törətmək istəyiblər. Yəni bununla Ermənistan Azərbaycanla hərbi toqquşmaları gücləndirməklə münaqişənin masada həllini sıradan çıxarmaq niyyətindədir. Amma proseslər düşmən təxribatlarının reallıqda işə yaramadığını göstərir. İndilikdə görünən budur ki, Şoyqunun Bakı səfərinin nəticələri bölgədə hadisələrin sonrakı inkişafını müəyyənləşdirəcək əsas məqamlardan biri olacaq. Bakı həmin səfərdə rus tərəfindən istədiyini ala bilməyəcəyi halda Qarabağ münaqişəsinin hərbi həll ehtimalı daha da artacaq. Bu zaman Azərbaycanı Rusiya və ya Ermənistanın digər hamiləri dayandıra bilməyəcək. Bunu isə ermənilər özləri də yaxşı bilir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.