Daşıdığı milli, bəşəri və siyasi dəyərlərə, bütün dövrlərdə cəmiyyətə eyni ardıcıllıqla çağırış etdiyi prinsiplərə görə Elçibəy böyük şəxsiyyət idi. Getdiyi yol onun öz yolu idi, çoxlu sayda insanları da bu yolda öz yol yoldaşına çevirə bilməsi onun böyüklük göstəricilərindən biri idi.
Bu gün "yolumuz Elçibəy yoludu"deyənlər var. Bu sözlər Elçıbəyin şəxsiyyətinə və işlərinə sevgi mənasında deyiləndə dəyərlidir və realdır. Ancaq hələ də mövcud praktik fəaliyyət üsulu olmaq iddiası ilə deyiləndə burada dayanmaq lazımdır.
Əvvəlcə iddialı şəxslər "Elçibəy yolunun" nə demək olduğuna dolğun bir izah versinlər. Mən öz tərəfimdən deyim. Elçibəyin fəaliyyətinin ana xəttini müstəqil demokratik dövlətçilik, ümumtürk inteqrasiyası, milli-mənəvi və dini dəyərlərin aliliyi təşkil edirdi. Kim Əbülfəz bəyin yolu kimi gördüyü fəaliyyətin bundan fərqli və bundan tam izahını verə bilsə, mən güzəştə getməyə hazıram. Ancaq bu gün bunlardan fərqli prinsiplərlə siyasət meydanına atılan və uğur qazana bilən bircə nəfər də ola bilməz, mümkün də deyil. Belə olan halda, "Elçibəy yolundayam" iddiasında olanlar özlərindən fərqli saydıqları şəxslərin getdiyi yoldan nə ilə fərqləndiklərini necə izah edə bilərlər?! Yeganə bunu deyə bilərlər ki, başqa yollarda yürüyənlərin sözü ilə əməli tutmur, bəzən xəyanət edirlər və sair. Bəs onda, nəinki Elçibəyin yolunda olduğunu iddia edənlərin, hətta Elçibəyin sağlığında onun yanında olan kimlərinsə satqınlığına, rüşvətxorluğuna, antidemokratikliyinə necə uzah vermək olar? Hələ bu gün də el arasında deyilir ki, Azərbaycan siyasətindəki siyasi "moşenniklərin " böyük hissəsi rəhmətlik bəyin çevrəsindən çıxdı...
"Elçibəyin yolu" dediyi fəaliyyət kursu ilə getdiyini iddia edənlər Elçibəyin etdiklərinin davamı, inkişafı olaraq nə etdilər? Belələrindən kimisə bu xalq indiyə qədər nə üçün "elə Elçibəy budur"deyə çağırmadı? Elçibəyin adı altında daldalanıb hərdən başını çıxardaraq "mən filan yolu gedirəm" deyənlər bu 20 ildə xalqın saqqızını oğurlaya bilmədilər. Elçibəy sözün tam mənasında təmiz adam idi, öz yolu var idi, “ayaqlarının təmizliyini” hələ tam sübut edib inandıra bilməmiş kəslərin dayanması məsləhətdir. Özlərinə yol tapsalar yaxşıdı, Elçibəyi sevməklərində olsunlar, əgər bunu bacarirlarsa, ancaq getdikləri yola başqa ad versinlər və rəhmətliyin ruhunu da, yolunu da rahat buraxsınlar.
Türkiyəyə son yolçuluğuna çıxmasından bir gün qabaq yaşadığı bağda yanına getdim, o zaman Amerika səfərimdən əvvəl bu görüş vacib idi, Elçibəyə baş çəkmək istəyim, təbii ki, əsas idi. Mənə bir çox şeylər dedi ...