Ukrayna Krımın qanunsuz ilhaqını gündəmə gətirmək üçün Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasında müşahidəçi statusu almaq istəyir. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bunu Ukrayna xarici işlər nazirinin müavini Emine Ceppar deyib.
Türk Şurasının Krım və Krım tatarlarının gündəmə gətirilə biləcəyi beynəlxalq bir platforma olduğuna diqqət çəkən Ceppar, Krımdakı təhlükəsizlik problemləri ilə əlaqədar Kiyevdə konfrans keçirməyi planlaşdırdıqlarını da qeyd edib.
Türk Şurası türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığı təşviq etmək məqsədi ilə 2009-cu ilin 3 oktyabrında Naxçıvanda imzalanan müqavilə ilə təsis edilən beynəlxalq bir qurumdur. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə Türk Şurasının qurucu üzvləridir. 2019-cu ilin oktyabrında Bakıda keçirilən 7-ci Zirvə görüşündə Özbəkistan Şuraya tamhüquqlu üzv olub, Macarıstan isə 2018-ci ilin sentyabrında Qırğızıstanda keçirilən Türk Şurasının 6-cı Zirvə görüşündə müşahidəçi statusu qazanıb.