BMT Yaşıl İqlim Fondu - “Green Climate Fund” meşələrin bərpası, yeni fidanların alınması və meşələrin qorunmasından ötrü müasir texnologiyaların tətbiqi üçün Ermənistana 10 milyon dollar ayırır. Bu barədə məlumatı erməni KİV-i verib. Bildirilir ki, fond Ermənistanın müraciətini təsdiqləyib və bu vəsaiti qrant şəklində təmin edəcək. Həmin pulun bir hissəsi kənd yerlərində alternativ enerji mənbələrinin inkişafına yönəldiləcək.
Bildirilir ki, bu proqram yalnız həyati əhəmiyyətli ekoloji problemləri həll etmir. Onun sayəsində işğalçı ölkənin bölgələrdə yüzlərlə iş yeri açılacaq. Proqramın ümumi dəyəri 18,7 milyon dollardır, bunun 10 milyon dolları göstərilən qrantdır, qalan hissəsi dövlət büdcəsindən ayrılacaq.
Çox maraqlıdır, BMT niyə onun Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməni icra etməyən bir ölkəyə bu şəkildə maliyyə yardımı göstərir?
“Bu təşkilatın, ümumiyyətlə, Ermənistanla təmas qurması belə qanuni deyil”
Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin uzun illərdir davam etməsinin əsas səbəblərindən biri işğalçı ölkənin beynəlxalq hüquq normalarına göstərdiyi hörmətsizlikdir:“Bunun da fonunda elə həmin qanunları qəbul edən nüfuzlu təşkilatların Ermənistana göstərdiyi ədalətsiz mövqeyidir. Təəssüf ki, uzun illərdir dünya birliyinin bu ədalətsizliyə seyrçi mövqe nümayiş etdirməsi, ikili standartları və siyasi riyakarlığının şahidiyik. Bu vaxta qədər Ermənistana hər hansı bir sanksiyanın tətbiq edilməməsi, BMT Təhlükəsizlik Şurasının 27 il əvvəl qəbul etdiyi 4 qətnamənin hələ də kağız üzərində qalması, münaqişənin nizamlanmasında vasitəçiliyi öz üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun səmərəsiz fəaliyyəti bütün deyilənlərə sübutdur. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə, 27 ildir ki, qətnamələr icra olunmur. Bu, ikili standarta əsaslanan yanaşmadır. Bu yanaşma qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir. BMT-nin mühüm islahatlarından biri Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır. Bunu düşünmək əvəzinə, həmin təşkilat Ermənistana müxtəlif layihələrin icrası adı ilə yardım ayırır. İndiyə qədər də belə yardımları alan Ermənistan onları separatçı rejimin dayaqlarının möhkəmlənməsinə və ya silah alışına sərf edir. Çox güman ki, başqa adla ayrılmış bu vəsaiti də həmin təyinat üzrə xərcləyəcəklər. Azərbaycan öz diplomatik kanalları ilə BMT-yə ciddi etirazını bildirməlidir. Çünki bu təşkilatın, ümumiyyətlə, Ermənistanla təmas qurması belə qanuni deyil. Bu artıq beynəlxalq qanunların məhz BMT kimi nüfuzlu təşkilat tərəfindən pozulması anlamına gəlir”.
Maraqlıdır, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymamağa Ermənistan necə müvəffəq olur? Buna cavab isə ikili standartlar və təcavüzkara heç bir beynəlxalq təzyiqin göstərilməməsidir. Bu siyasətə son qoyulmalıdır. Təcavüzkara münasibətdə bu cür siyasət təkcə ədalətsizliyi nümayiş etdirmir, eyni zamanda, Ermənistanla bağlı belə bir illüziya yaradır ki, sanki onlar öz terror siyasətini bundan sonra da davam etdirə bilər.
Məhəmmədəli QƏRİBLİ