Bütün müsəlman ölkələrində pandemiya ilə əlaqədar Məhərrəm ayında kütləvi mərasimlər keçirilməyəcək. Bununla bağlı əzadarlıq mərasimləri təxirə salınıb, o cümlədən, Azərbaycanda da.
Məsələ ondadır ki, bu il Aşura dünyada davam edən koronovirus pandemiyası dövrünə təsadüf edir. Aşura kimi, ənənəvi olaraq, böyük kütləviliyi ilə seçilən, sosial məsafəyə əməl olunmasının təmini qeyri-mümkün olan mərasim insanların virusa yoluxmasının artma ehtimalı baxımından böyük təhlükə yarada bilər. Bu gerçəkliyi nəzərə alaraq, sözügedən tədbirlər keçirilməyəcək. Həkimlər də insanları kütləvi tədbirlərdən uzaq olmağa çağırırlar. Məscid və ziyarətgahlar insanların daha yaxın təmas etdiyi məkanlar olduğundan, bu, yoluxmada ciddi artıma səbəb ola bilər. Nəzərə alsaq ki, son günlər yoluxma sayında artım meylləri var, o zaman bu cür kütləvi tədbirlər vəziyyəti ağırlaşdıra bilər. O üzdən, koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə ölkə ərazisindəki bütün məscid və ziyarətgahlarda ibadətlərin müvəqqəti dayandırılmasına dair qərar verilib.
Çox qəribədir ki, indi xaricdə oturan söyüşcül müxalifət, trollar sanki dinpərəst olublar. Onlar sözügedən məhdudiyyətləri “insan haqlarının pozulması” kimi təqdim edirlər. Haçandan din bunlar üçün belə əziz olub? Bu bir daha onların xəstə təfəkkürə malik olduqlarını ortaya qoyur. Çünki anlamaq istəmirlər ki, bütün müsəlman ölkələrində sözügedən mərasimlər pandemiya səbəbindən təxirə salınıb.
“Bundan hansısa siyasi məqsədlər üçün istifadə etmək...”
Məsələyə münasibət bildirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlının fikrincə, sözügedən qüvvələrin buna siyasi don geydirməyə cəhd etməsi onların xəstə təfəkküründən irəli gəlir: “Onlar həm xəstə təfəkkürə malikdirlər, həm də Azərbaycan dövlətinin qanunlarından xəbərləri yoxdur. Bunlar başa düşmürlər ki, Azərbaycan dünyəvi dövlətdir. Digər tərəfdən, pandemiya ilə bağlı bütün dünyada karantin rejimidir. Karantin rejimi də hamıya aiddir, müsəlmana da, xristiana da, yəhudiyə və digər din mənsublarına da. Bundan hansısa siyasi məqsədlər üçün istifadə etmək və bunu din, insan azadlıqlarının məhdudlaşdırılması kimi qələmə vermək ağılsız yanaşmadır. Hesab edirəm ki, bu kimi fikirlərin heç bir əsası yoxdur və bunlar hamısı boş-boş çağırışlardır. Fikrimcə, insanlar onların bu yöndə təbliğatlarına əhəmiyyət vermirlər”.
Ekspertin fikrincə, həmin qüvvələr dini öz siyasi məqsədlərinə alət edib Azərbaycanı qaralamaq istəyirlər.
Vidadi ORDAHALLI