Rusiya Xarici İşlər naziri Sergey Lavrov "Trud" qəzetinə müsahibəsində deyib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesinin tezliklə bərpa olunmasını gözləyir: “Bunun üzərində ATƏT-in Minsk Qrupundakı tərəfdaşlarımızla birlikdə işləyirik”.
Nazirin qeyd etdiyinə görə, Rusiya Xarici İşlər Nazirliyi münaqişənin həlli üçün fəal vasitəçilik səyləri göstərdi: “ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov bu müddət ərzində iki ölkənin xarici işlər orqanlarının rəhbərliyilə birbaşa təmasda olub. Nəticədə Rusiyanin fəal vasitəçiliyilə, ilk cəhddən olmasa da, 16 iyul tarixindən atəşkəs əldə edilib”.
Danışıqlar yenə əvvəlki kimi predmet üzrə aparılmayacaqsa, Ermənistan danışıqların danışıqlar naminə aparılmasına istəyəcəksə, o zaman danışıqların mümkün qədər tez bərpa olunmasının nə mənası var? Yəni Tovuz döyüşlərindən keçən müddət ərzində Ermənistanın silahlandırılmasından sonra Rusiya maraqlı olacaqmı ki, real sülh danışıqları bərpa olunsun? Söhbət ondan gedir ki, Prezident İlham Əliyev Rusiyanın Ermənistana silah satması faktlarını ifşa edəndən və bununla əlaqədar yaranan soyuq münasibətdən sonra Rusiya danışıqların hansı istiqamətdə və tonda getməsinə çalışacaq?
“...yenidən manipulyasiyanı davam etdirməyə çalışacaqlar”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Rusiya danışıqlarda səmimi deyil və Lavrovun məlum açıqlaması yalnız İrəvanın maraqlarına xidmət edir: “May ayından bəri Ermənistanla Azərbaycan arasında Qarabağ danışıqları faktiki dayanıb. Bir neçə dəfə onlayn müzakirələrdən sonra Prezident İlham Əliyev haqlı olaraq belə danışıqların mənasız olduğunu açıqladı. Çünki belə danışıqlar yalnız işğalçı ölkənin maraqlarına xidmət edir. Rəsmi İrəvanın Tovuz təxribatı və Qarabağda məskunlaşdırma siyasəti, bütövlükdə, münaqişənin həllində hər hansı bir həll variantının üstündən xətt çəkir və danışıqlar üçün yer qoymur. Haqlı olaraq Azərbaycan tərəfi də Türkiyə ilə birgə hərbi hərəkətə keçərək, müharibə variantına üstünlük verəcəyi mesajını verdi. Bölgədə situasiya gərgindir. İstənilən an müharibənin başlanması mümkündür. Türkiyə ilə birgə hərbi təlimlər rəsmi Bakının çevik diplomatik uğurudur.
Rusiya tərəfi çalışır ki, yenidən Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə danışıqları bərpa etsin. Sözügedən prosesin başında Lavrov durur və bu, Ermənistanın xahişidir. Rusiyanın Xarici İşlər naziri S.Lavrov danışıqların tez bərpa olunması barədə çalışdıqlarını qeyd edir. Görünür, Kreml Türkiyənin aktiv şəkildə fəaliyyətindən narazıdır. Danışıqları növbəti mərhələdə bərpa etməklə, yenidən manipulyasiyanı davam etdirməyə çalışacaqlar. Azərbaycan bu kimi danışıqlarda yer almamalıdır. Ümumiyyətlə, Rusiya danışıqlarda səmimi deyil. Çünki son bir ayda Ermənistana tonlarla silah-sursat göndərib və bu, Azərbaycana qarşı təzyiq kimi planlaşdırılıb. Belə olan təqdirdə, Lavrovun bu açıqlaması yalnız İrəvanın maraqlarına xidmət edir”.
Politoloqun fikrincə, Azərbaycan Rusiya XİN rəhbərinin moderatorluğu ilə başladılan danışıqlara getməməlidir: “Yalnız Ankara ilə hərəkət edərək, öz təkliflərini masaya qoyub, Ermənistanın bütün şərtlərinə qarşı çıxmalıdır. Rusiya yenidən Qarabağla bağlı ssenarini işə salır. Bu ssenari Azərbaycanın əleyhinədir. Minsk formatı çərçivəsində aparılacaq danışıqlar əvvəlki kimi status-kvonu qorumaq üçün planlaşdırılıb. Bu arada Ermənistan hakimiyyəti Xankəndi və Əsgəran arasında yeni yol çəkir. İnfrastrukturu təkmilləşdirir və Livandan ermənilərin köçürülməsini təşkil edir. Həmçinin, Rusiyadan Ermənistana daşınan silahların bir hissəsi Tovuzda və bir hissəsi isə işğal olunmuş ərazilərdə yerləşdirilib. Cəbhə xəttində Ermənistanın möhkəmlənməsinin qarşısı alınmalı və lokal zərbələr endirilməlidir”.
Politoloqun şərhindən belə məlum oldu ki, Rusiyanın vasitəçilik səyləri müsbət perspektiv vəd etmir.
Vidadi ORDAHALLI