Serj Sarkisyan növbəti dəfə sərsəmləyib. O, erməni mətbuatına açıqlamasında qeyd edib ki, “İskəndər” raketləri olması səbəbindən guya Azərbaycan 2016-cı ilin aprelində genişmiqyaslı müharibəyə getmədi. S.Sarkisyan bununla bağlı bəzi “arqumentlər” ortaya qoymağa çalışıb.
Onun sözlərinə görə, bir neçə hərbi baza Azərbaycan artilleriyasının əlində idi, amma, nədənsə, bu imkandan istifadə etməyib: “Cavabın nə olacağı açıqdır. Cavab birbaşa olacaq. “İskəndər” raketləri ya Bakı, ya da Gəncə ərazisinə çatacaqdı. Bundan sonra Azərbaycan rəhbərliyinin daxili siyasət baxımından itkilərdən qurtula biləcəyi məlum deyil. Niyə azərbaycanlılar hərbi təyyarələrdən istifadə etmədilər? Sərhədə yaxınlaşmağa cəhd etdikdən sonra S-300-ün görmə sahəsinə düşdülər. Rusiya ilk gündə bir zənglə hərbi əməliyyatları dayandıra bilərdi. Bəs belə bir inam hardandır? Azərbaycan Rusiyaya tabe deyil. Bəli, Moskvanın siyasi və digər təsir vasitələri var. Ancaq 4 gün davam edən hərbi əməliyyatlar ona görə baş verdi ki, azərbaycanlılar Dağlıq Qarabağ məsələsini hərbi yolla həll edə bilməyəcəklərinə əmin olsunlar”.
Göründüyü kimi, S.Sarkisyan Aprel döyüşləri ilə bağlı baş verənləri ciddi şəkildə təhrif edir. Məgər Ermənistan 4 gün ərzində Moskvaya yalvarmadımı ki, Azərbaycan atəşi dayandırsın? Yaxşı, erməni tərəfi elə güclü idisə, o zaman Lələtəpəni və Talış kəndi ətrafındakı strateji əhəmiyyətli yüksəklikləri niyə geri ala bilmədilər? Hansı ki, aprelin 5-nə qədər erməni hərbi birləşmələri buna çox çalışdılar, amma nəyəsə nail ola bilmədilər.
“2016-cı ilin Aprel döyüşlərindən dərhal sonra Ermənistanın o zamankı müdafiə naziri Seyran Ohanyan...”
Məsələyə münasibət bildirən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, Sarkisyanın səsləndirdiyi fikirlərin heç bir əsası yoxdur: “O, sadəcə, 4 il sonra danışmaqla Ermənistan ordusu barədə saxta mif yaratmaq istəyir. Bu da alınan iş deyil. Məsələ ondadır ki, faktlar Sarkisyanın dediklərinin əksini deyir. Çünki təkcə 2016-cı ilin aprel ayının əvvəllərində erməni general Arkadiy Ter-Tadevosyanın sözügedən döyüşlər barədə dedikləri Sarkisyanın indiki nağıllarına cavabdır. Peşəkar hərbçi olan həmin erməni general Aprel döyüşlərində Azərbaycan Ordusunun öz istəyinə çatdığını və döyüşdə üstünlük qazandığını açıq şəkildə efirdə deyib. Bu fikri digər erməni hərbçilər də davam etdiriblər. Belə olmasaydı, 2016-cı ilin Aprel döyüşlərindən dərhal sonra Ermənistanın o zamankı müdafiə naziri Seyran Ohanyan və bu hərbi qurumun bütün rəhbərliyi mərhələli şəkildə xidmətdən uzaqlaşdırılmazdı. Həmçinin, İrəvan küçələrində övladları hərbi xidmətdə olan erməni valideynlər Ermənistanın Prezident Administrasiyasının binası qarşısında günlərlə etiraz aksiyaları keçirməzdilər.
Məlum olduğu kimi, 2016-cı il aprelin 2-də cəbhənin bir neçə istiqamətində döyüş olub. Bu döyüşlərdə Azərbaycan Ordusu strateji cəhətdən vacib mövqeləri geri alıb. Ermənistan ordusunun mövqeləri yenidən ələ keçirmək üçün hücumları da dəf edilib. Nəticədə ermənilər çoxlu itki verərək geri çəkiliblər. Bununla bağlı videogörüntülər, fotolar və digər inkarolunmaz sənədlər var. Başqa bir tərəfdən, Ermənistanın israrlı yalvarışlarından sonra Rusiya tərəfləri atəşi dayandırmağa çağırdı. Ona görə də Sarkisyanın səsləndirdiyi fikirlər tamamilə yalandır. Sarkisyan bir sıra məsələləri şişirtməklə özünü Ermənistana qəhrəman kimi təqdim etməyə çalışır. Bununla da ölmüş nüfuzunu bərpa edərək, yenidən siyasi arenaya çıxmaq istəyir”.
Hərbi ekspertin fikrincə, S.Sarkisyanın səsləndirdiyi fikirlər reallıqla uzlaşmır.
Vidadi ORDAHALLI