Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Trud” qəzetinə müsahibəsində Ermənistanın 12 iyul təxribatına maraqlı izah verib.
Onun sözlərinə görə, tətiyi çəkən amil coğrafi amil olub, belə ki, Ermənistan ordusu iki ölkə sərhədindəki köhnə nəzarət-buraxılış məntəqəsini tutmağa cəhd edib:“İyulun 12-dən 16-na qədər davam edən sərhəd münaqişəsi 2016-cı ilin aprelindən sonra ikinci ən irimiqyaslı toqquşma olub. Üstəlik, son 26 il ərzində ilk dəfə səhra artilleriyasının, minaatanların və zərbə pilotsuz aparatların tətbiqi ilə yüksək intensivlikli döyüş əməliyyatları Qarabağda təmas xəttində deyil, bilavasitə Azərbaycanla Ermənistan arasındakı sərhəddə baş verib”.
Lavrov deyib ki, toqquşmaların başlamasına erməni tərəfinin Azərbaycanın ixrac neft-qaz kəmərlərinin 15 kilometrliyində yerləşən köhnə sərhəd nəzarət məntəqəsini tutmaq cəhdi səbəb olub:“Bu da tərəflərdən birinin hədsiz narahatlığına, digərinin haqq qazandırılması mümkün olmayan cavab reaksiyasına gətirib çıxarıb, nəticədə ən ağlasığmaz nəticələrə səbəb ola biləcək qarşıdurma yaranıb”.
Lavrov bildirib ki, vəziyyəti stabilləşdirmək üçün Rusiya XİN iyulun 13-də tərəflərə dərhal atəşi dayandırmaq çağırışı edib. Habelə Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə telefon danışıqları aparılıb. Rusiyadakı azərbaycanlı və erməni diasporu rəhbərləri ilə görüşlər keçirilib.
Lavrovun açıqlamasında diqqət çəkən xüsusi məqam onun baş vermiş təxribatla bağlı Ermənistana haqq qazandırmağa çalışmasıdır. Lavrov məsələnin mahiyyətini belə izah etməyə çalışır ki, sanki Azərbaycan Ermənistanın öz ərazisində müəyyən mövqe dəyişikliyi etməsinə reaksiya verməklə hadisələri alovlandırıb. Ancaq açıqlamasında bilərəkdən və ya bilməyərkdən Ermənistanın bu cəhdi məhz harda etdiyinin dəqiq yerini izah edir. Bildirir ki, bütün bunlar Azərbaycanın ixrac neft-qaz kəmərlərinin 15 kilometrliyində baş verib. Bir çox müstəqil ekspertlər Ermənistanın məhz Tovuzda fəallaşmasını ixrac neft-qaz kəmərinin ələ keçirilməsi cəhdi ilə bağlayırdılar. İndi də Lavrov buna işarə edir. Çox maraqlıdır ki, Lavrov bu hadisəni Ermənistanın Azərbaycan ərazisinə növbəti təcavüzü kimi qiymətləndirmək əvəzinə, tərəflərin məsuliyyətini bərabərləşdirməyə çalışır. Lavrovun bu münasibətini necə qiymətləndirmək olar?
Politoloq Qabil Hüseynlinin qəzetimizə bildirdiyinə görə, həmin hadisələrin gedişində tam aydın oldu ki, Ermənistan Tovuz rayonu ilə sərhəddə məqsədyönlü şəkildə təxribat təşkil edib. Bu təxribatın da məqsədi Azərbaycanı guya Ermənistan ərazilərinə hücum edirmiş kimi göstərmək, beləliklə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına şikayət etmək, nəticə etibarilə bu təşkilata aid olan dövlətlərin hərbi gücünü Azərbaycana qarşı çevirmək idi. Söhbət ilk növbədə Rusiya Silahlı Qüvvələrindən gedir. Amma bu provokasiya bütün istiqamətlər üzrə tam iflasa uğradı. Azərbaycan ordusu erməni ordusunun cavabını verdi. Üstəlik, hamı gördü ki, hücum edən tərəf Ermənistandır. Bu səbəbdən də Ermənistanın Xarici işlər naziri Zöhrab Mnatsakanyanın KTMT-yə etdiyi müraciət də qəbul edilmədi. Yəni faktiki olaraq, KTMT-nin Daimi Şurasının iclası baş tutmadı. Bütövlükdə aydın oldu ki, bu hadisələrin arxasında erməni hiyləsi, erməni təxribatı və Azərbaycana yönəlmiş çox mənəviyyatsız hərəkətlər dayanırmış. Artıq bütün dünya bu məsələlərin əsl mahiyyətini bilir”.
Politoloqun sözlərinə görə, hadisələrin üstündən bir müddət keçəndən sonra Lavrovun sanki dərin bir hadisə baş vermədiyini izah etməyə çalışması təəccüblü görünür: “Bunun bir adı vardı - Ermənistanın ərazilərimizə yeni təcavüz cəhdi və başqa əraziləri ələ keçirmək niyyəti. Bunun formulunu Lavrovdan gözəl bilən yoxdur. Bu dəfə Rusiyanın bir qədər hadisələrə passiv mövqeyini gördük. 2016-ci ilin aprel döyüşləri zamanı ermənilər hücuma keçmək, diversiya qrupları ilə Azərbaycan ordusunun içərilərinə doğru hərəkət etmək istəmiş, Azərbaycan ordusunun əks-hücumu nəticəsində çox yaxşı dərs almışdılar. Eyni hadisələr Tovuz əməliyyatı zamanı da baş verdi. Hər iki halda Rusiya atəşkəs rejiminin əldə edilməsinə səylər göstərdi, hər iki tərəfə müraciət etdi və bu səylər öz bəhrəsini verdi. Rusiya bu hadisələrdə Ermənistan ordusunun zəifliyini, acizliyini görüb barışdırıcı mövqe tutmaq məcburiyyəti qarşısında qaldı və tərəfləri atəşkəs rejiminə çağırdı. Lavrovun bu məsələyə məsuliyyətləri eyniləşdirmək səviyyəsində verdiyi reaksiya qəbuledilməzdir. Hər şeyi öz adı ilə çağırmalıyıq. Bu, Ermənistanın öz ərazisində etdiyi hansısa mövqe dəyişikliyi yox, Azərbaycan ərazisinə hərbi təcavüz cəhdi idi”.
Yəqin ki, bu açıqlaması ilə Lavrov Rusiyanın nizamlanma prosesində rolunu artırmağa çalışır. Bir sözlə, ona olan inamsızlığı bərpa etməyə. Ancaq tərəflərdən birini silahlandıran və bu əməli sübuta yetirilən bir dövlətin neytrallığına bundan sonra çətin ki, kiminsə inamı qalsın.
Məhəmmədəli QƏRİBLİ