25/05/2020 14:04
728 x 90

Stanislav Zasın bəyanatının KTMT-nin saytından yığışdırılması Ermənistanı niyə məyus edib…

Fikrət Sadıqov: “Görünən odur ki, Belarusun sərgilədiyi mövqe Ermənistanı hər zaman narahat edir”

img

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas bu günlərdə Azərbaycan-Ermənistan sərhədində baş verən atışmaya münasibət bildirib. Ancaq çox keçmədən onun açıqlaması  KTMT-nin saytından çıxarılıb.

Bu addım erməni mediasını bərk məyus edib. Bununla yanaşı, erməniləri məyus edən məqam həm də odur ki, S.Zasın açıqlaması olduqca formal xarakterli olub: “Zasın bəyanatında kimin atəşkəsi pozduğu haqda fikir səslənməyib, üstəlik, erməni hərbçilərinin yaralandığı haqda da informasiya verilməyib. KTMT Baş katibinin şərhi belə bir təsəvvür yaradırdı ki, hərbi blokun üzvü Azərbaycandır, Ermənistanın isə, ümumiyyətlə, ona aidiyyəti yoxdur. Zasın şərhləri çərşənbə axşamı KTMT-nin rəsmi saytında yerləşdirilib, lakin bir müddət sonra məlumat nədənsə saytdan çıxarılıb”.

Qeyd edək ki, general-leytenant Stanislav Vasilyeviç Zas Belarusun hərbi və dövlət xadimidir. O, 2020-ci ildən KTMT-nin Baş katibi vəzifəsində çalışır.

O da məlumdur ki, Belarusun Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi ilk hal deyil. Dəfələrlə Belarus müxtəlif formalarda Azərbaycanı dəstəkləyib. Ermənistanın etirazlarına rəğmən, Belarus bir sıra silahları Azərbaycana ixrac edir. Belarus və Ermənistanın KTMT-də təmsil olunması buna əngəl ola bilməyib. KTMT saytından S.Zasın məlum açıqlamasının çıxarılması isə Ermənistana növbəti zərbədir.

Maraqlıdır, bəs ekspertlər ermənilərin bu narahatlığını necə dəyərləndirirlər?

  • “Zasın mövqeyinə erməni mediasının bu dərəcədə narahat və həssas yanaşması...

Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, ermənilərin bu narahatlığı təsadüfi deyil: “Məsələ ondadır ki, Ermənistan hər vasitə ilə S.Zasın KTMT baş katibi olmasına mane olmaq istəyirdi. Buna nail ola bilmədilər. Bununla yanaşı, S.Zas Ermənistanın maraqlarına uyğun mövqe sərgiləmir. Bu və digər məsələlər Ermənistanı narahat edir. Ermənilər bir şeyi dərk etməlidirlər ki, sözügedən təşkilat onların əlində alət deyil. KTMT o vaxt Ermənistanın müdafiəsinə gələcək ki, bu ölkəyə hansısa təhlükə yaransın, hücum olsun. Azərbaycan işğal altındakı torpaqların azad olunması ilə bağlı addımlar atırsa, KTMT-nin buna heç bir aidiyyəti yoxdur. Bu reallığı bütün KTMT üzvləri dərk edirlər. Digər tərəfdən, KTMT-nin bir sıra üzvləri Azərbaycanla yaxın münasibətlərə malikdirlər. Məsələn, Rusiya Azərbaycanın strateji partnyorudur. Düzdür, Rusiya Ermənistanla yaxın olsa da, hər halda, bizimlə də yaxin münasibətləri var. Başqa bir tərəfdən, Qazaxıstanla Belarus isə bizim daha yaxın partnyorlarımızdır. Sözügedən dövlətlər bizim maraqlarımıza zidd hər hansı bir addım atmazlar. Görünür, İrəvanda ya axıra qədər bunu dərk etmirlər, ya da bunu dərk etmək istəmirlər. Ancaq görünən odur ki, Belarusun sərgilədiyi mövqe Ermənistanı hər zaman narahat edir. S.Zasın mövqeyinə erməni mediasının bu dərəcədə narahat və həssas yanaşması bundan irəli gəlir”.

Vidadi ORDAHALLI

Son xəbərlər