Astara rayon Mərkəzi Kitabxanasında Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin 200 illik yubiley tədbirində qiriş sözü söyləyən Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Astara rayonu üzrə nümayəndə Ş.Bayramov Aşıq Ələsgərin 200 illiyini respublikamızda geniş şəkildə qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyevin sərəncamını Aşıq Ələsgər yaradıcılığına və bütövlükdə aşıq sənətinə verilən yüksək qiymət kimi dəyərləndirdi.
Astara rayon Mərkəzi Kitabxana Sisteminin direktor əvəzi İlyas Məmmədov Aşıq Ələsgərin həyat və yaradıcılığı barədə çıxış edib dedi: - Aşıq Ələsgər yaradıcılığı hər zaman ulu öndər Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Məhz onun təşəbbüsü, bilavasitə rəhbərliyi altında hələ sovet dövründə Aşıq Ələsgərin 150 illik yubiley tədbirləri dövlət səviyyəsində ölkə və ittifaq miqyasında təntənəli şəkildə qeyd edilmiş, böyük söz ustadının əsərləri dəfələrlə çap üzünü görmüş, qədim yurd yerimiz olan Göyçə mahalında Aşıq Ələsgərin abidəsi ucaldılıb. Ulu öndərin bu əvəzsiz işi bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həm də ölkə rəhbərin, eləcə də Birinci vitse-prezident Mehriban Əliyevanın səyləri sayəsində aşıq sənəti 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilibdir.
Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədovanın, Metodika və biblioqrafiya şöbəsinin müdiri Nərgiz Məhərrəmovanın Aşıq Ələsgərlə bağlı fikirləri də tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.
Tədbirin bədii hissəsində isə Azərbaycan Aşıqlar Birliyinin üzvü, beynəlxalq festivalların iştirakçısı, “Şindan” aşıqlar ansamblının rəhbəri, Sım Folklor evinin direktoru aşıq Elxan Şindanlı böyük ustadın şerlərdən parçalar oxudu, sözlərinə bəstələnmiş mahnılar ifa etdi.
Axırda Aşıq Ələsgərin anadan olmasının 200 illiyinə həsr olunmuş video-çarx nümayiş olundu və tədbir qatılanlar onun əsərlərdən ibarət sərgiyə baxdılar.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü