Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
Aprelin 8-də əldə edilmiş məlumatlar əsasında bu istiqamətdə həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları Bakı şəhər sakini Mikayıl Qafarovdan 1 ədəd pnevmatik tapança, 4 ədəd patron və 1 ədəd patron darağı, 42-ci Polis Bölməsinin əməkdaşları Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Fəxrəddin Hacıyevin evindən 1 ədəd nömrəsi silinmiş yivli odlu silah, süngülü karabin kəsiyi (obrez), 1 ədəd pnevmatik tapança, 2 ədəd “F-1” qumbarası, avtomata məxsus süngü bıçağı və 65 ədəd müxtəlif çaplı patron, Astara Rayon Polis Şöbəsinin əməkdaşları Ağ körpü kənd sakini İsfəndiyar Hüseynovun yaşadığı evdən 1 ədəd lüləsi kəsilmiş ov tüfəngi aşkar edərək götürüb.
Saxlanan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.
Faktlarla bağlı cinayət işləri başlanıb, araşdırmalar aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı