Bu günlərdə polis orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanaraq istintaqa cəlb edilib.
Belə ki, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini N.Məmmədlinin “Chevrolet” markalı avtomobilindən 450 manat pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Hüseyn Əliyarov saxlanıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan tiryək də aşkar edilib.
39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini K.Abbasovanın “Nissan” markalı avtomobilindən 550 manat pul və sənəd oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini Taliyə Mustafazadə saxlanıb.
Avtomobillərdən pul və məişət əşyaları oğurlamaqda şübhəli bilindiyinə görə saxlanan Bakı şəhər sakini Rəvan Abdullayevin ətrafında Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun N.Ələkbərovanın “Ford” markalı avtomobilindən 300 manat pul və kosmetik əşyalar oğurladığı da müəyyən edilib.
Qeyd olunan faktlarla bağlı araşdırmalar aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı