DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən vətəndaş gecə saatlarında Nəsimi rayonu ərazisində tanımadığı şəxs tərəfindən zorakılıq yolu ilə pulunun alındığını bildirib.
Məlumatla əlaqədar dərhal 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırma zamanı Bakı şəhər sakini E.Əsgərov saat 5 radələrində R.Rza küçəsində naməlum şəxsin ona qarşı zor tətbiq edərək 2100 manat pulunu və qol saatını aldığını qeyd edib.
Bakı Şəhər Baş Polis İdarəsi və 22-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən 2 nəfər müəyyən edilərək saxlanıb. Araşdırmalarla onların əvvəllər məhkum olunmuşlar - Kəlbəcər rayon sakini Camaləddin Əzizov və Yevlax rayon sakini Fərid Novruzlu olduqları müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb.
Araşdırma aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı