Daxili işlər orqanlarının əməkdaşları tərəfindən ümumən cinayətkarlığa, o cümlədən onun mülkiyyət əleyhinə olan növlərinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Bu günlərdə polis orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində bir sıra oğurluqlar törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilib saxlanaraq istintaqa cəlb edilib.
Belə ki, Yasamal Rayon Polis İdarəsinin 26-cı və 27-ci Polis bölmələri əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin fevral-mart ayları ərzində rayon ərazisində 4 avtomobildən pul və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Rəvan Abdullayev saxlanıb.
Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən cari ilin yanvar-mart ayları ərzində rayon ərazisindəki 4 evdən məişət əşyaları, habelə 4 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Kəmaləddin Qasımov saxlanılıb. Onun şəhər sakini Ə.Zeynalova qarşı dələduzluq etməsi də müəyyən edilib.
Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yanvarın 23-də şəhər sakini E.Zeynalovun mobil telefonunu oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü - Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Əli İbrahimov saxlanıb. Ətrafında aparılmış tədbirlərlə onun cari ilin yanvar-mart ayları ərzində rayon ərazisində 2 mağazadan pul və 22 metr su borusu, habelə 9 evdən pul və məişət əşyaları, 4 avtomobildən akkumulyator oğurladığı da müəyyən edilib.
Faktlarla bağlı cinayət işləri başlanıb. Araşdırmalar aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı