Ölkəmizdə fiziki və hüquqi şəxslərə məxsus bütün mülkiyyət formalarında olan obyektlər və mənzillər Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən etibarlı şəkildə qorunur. Bunu sübut edən hadisələrdən biri ötən gün Xətai rayonu ərazisində baş verib.
Aprelin 2-də saat 5.40-da Xətai Rayon Mühafizə İdarəsinə ərazidəki qorunan marketlərin birindən həyəcan siqnalı daxil olub.
Dərhal həmin ünvana gələn İdarənin əməkdaşları oradan tütün məmulatı oğurlamağa cəhd edən şəxsi cinayət başında yaxalayaraq 35-ci Polis Bölməsinə təhvil verib.
Bölmədə aparılan araşdırmalarla onun Bakı şəhər sakini Asif Həsənov olduğu məlum olub.
Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun digər cinayətlərinin də üstü açılıb. Polis əməkdaşları tərəfindən A.Həsənovun həmin gün saat 4 radələrində daha bir marketdən oğurluğa cəhd göstərdiyi, həmçinin martın 20-də başqa bir marketdən içərisində 3230 manat pul olan seyfi oğurladığı da müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb. Araşdırma aparılır.
Aprelin 2-də isə Şirvan dəmir yolu stansiyası ərazisindən oğurluq edən şəxs NBPİ-nin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Şirvan Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.
Araşdırmalarla onun Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur İbrahimov olduğu və stansiya ərazisindən 34 ədəd rels altlığını oğurladığı müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı