DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Nəsimi rayonu ərazisində naməlum şəxsin qadına qarşı zor tətbiq edərək qızıl əşyasını alması barədə müraciət daxil olub.
Məlumatla əlaqədar dərhal hadisə yerinə gələn Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Müəyyən edilib ki, saat 10 radələrində M.Cəfərov küçəsində naməlum şəxs Bakı şəhər sakini M.Əliquliyevaya qarşı zor tətbiq edərək qulağındakı qızıl sırğanın bir tayını dartıb aparıb.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs qısa zamanda müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanıb. Araşdırmalarla onun Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş İftixar Əzizov olduğu məlum olub. Onun Bakı şəhər sakini olan G.Məmmədovaya qarşı da eyni cinayəti törətdiyi müəyyən edilib.
Faktlarla bağlı cinayət işi başlanıb. Araşdırma aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı