Respublikanın daxili işlər orqanlarının cinayətkarlığa qarşı mübarizə tədbirləri çərçivəsində aprelin 2-də keçirdiyi uğurlu əməliyyat tədbirləri nəticəsində 7 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, silah-sursat götürülüb.
Belə ki, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdiyi əməliyyat tədbiri nəticəsində saxlanan Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Anar Əkbərovdan çəkisi 5 kiloqram 150 qram narkotik vasitə olan marixuana götürülüb.
Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanan Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Həmid Axundovdan isə 70 qram marixuana və 1 ədəd bıçaq götürülüb. Əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən əlavə olaraq 1 kiloqram 745 qram marixuana, nömrəsi silinmiş “AK-74” silahı, 1 ədəd patron darağı və 30 ədəd patron aşkar edilərək götürülüb.
Saxlanan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.
Faktlarla bağlı cinayət işləri başlanıb. Araşdırma aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı