Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə paytaxt ərazisində avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanıb.
Belə ki, aprelin 2-nə keçən gecə DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisindən qəsəbə sakini Zakir Qurbanova məxsus “Opel” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olub.
Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Ruslan Xalıqov saxlanıb.
DİN-in Təhlükəsiz Şəhər Xidməti və Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində isə aprelin 1-nə keçən gecə Xətai rayonu ərazisindən Bakı şəhər sakini Rafiq Həsənova məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş Elşən Bağırov avtomobillə Hövsan qəsəbəsi ərazisində saxlanıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı