Paytaxt ərazisində bir neçə mağazadan mobil telefon oğurlayan şəxs polis əməkdaşları tərəfindən saxlanıb.
Belə ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində iki mağazadan ümumilikdə 7 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən şəxs müəyyən edilərək saxlanıb.
Araşdırmalarla onun Göyçay rayon sakini Yusif Sadıqov olduğu müəyyən edilib.
Mingəçevir Şəhər Polis Şöbəsinə isə şəhər ərazisindəki zavodlardan birinin inzibati binasından oğurluq edilməsi barədə müraciət daxil olub.
Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və oradan 1 ədəd kompyuter, 1 ədəd surətçıxaran aparat, 1 ədəd mühərrik və digər əşyaların oğurlandığı məlum olub.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanıb. Araşdırmalarla onun şəhər sakini Pərviz Nəbiyev olduğu müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb. Araşdırma aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı