Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.
Belə ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Cəlilabad şəhəri ərazisində keçirdiyi əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Rüstəmov saxlanıb. Şəxsi axtarış zamanı ondan 50 qram narkotik vasitə olan heroin aşkar edilib. Onun yaşadığı evdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı isə əlavə olaraq 100 qramdan artıq heroin, 4,221 qram tiryək, 20 qramdan çox “Metamfetamin”, həmçinin 1 ədəd elektron tərəzi də aşkar edilərək götürülüb.
Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdiyi əməliyyat tədbirləri nəticəsində isə şəhər sakini, əvvəllər məhkum olunmuş Ravin Əliyev 2,42 qram marixuananı satarkən cinayət başında yaxalanıb. Şəxsi axtarış zamanı ondan 2,25 qram, idarə etdiyi “VAZ-2107” markalı avtomobildən isə əlavə 473 qram marixuana aşkar edilib.
Saxlanan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.
Faktlarla bağlı cinayət işləri başlanıb.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı