İyunun 22-də səhər saat 12 radələrində DİN-in "102 Zəng Mərkəzi"nə Nəsimi rayonu ərazisindən avtomobil qaçırılması barədə məlumat daxil olub.
Aidiyyəti üzrə Nəsimi RPİ-nin 22-ci Polis Bölməsinə dəvət edilən zərərçəkmiş - Bakı şəhər sakini Mehdi Əliyev izahatında ötən gecə saat 4 radələrində içkili olduğundan özünə məxsus "Daevoo" markalı avtomobilini evinin yaxınlığında saxladığını, açarı da götürməyi unudaraq evinə getdiyini bildirib. Səhər qalxanda isə maşınını həmin yerdə tapmayıb.
Dərhal 22-ci Polis Bölməsinin əməkdaşlarından ibarət əməliyyat qrupu maşının tapılması istiqamətində tədbirlərə başlayıb, bu barədə DİN-in "Təhlükəsiz Şəhər" Xidmətinə müvafiq məlumat verilib.
Təhlükəsiz Şəhər Xidmətinin texniki imkanları ilə həmin maşının Səbail rayonu ərazisində hərəkətdə olduğu müəyyən edilərək aidiyyəti üzrə Bakı BPİ-nin Dövlət Yol Polisi İdarəsinə müvafiq məlumat ötürülüb. Yol polisləri qaçırılmış maşının Səbail rayonunun T.Əliyarbəyov küçəsində saxlandığını aşkar edərək onu 22-ci Polis Bölməsinin əməkdaşlarına təhvil veriblər.
Əməliyyatçılar maşını qaçıran şəxsin həmin ərazinin yaxınlığındakı gecə klublarından birində "dj" işlədiyi barədə məlumat əldə edib. Şübhəli qismində saxlanaraq 22-ci Polis Bölməsinə gətirilən şəxsin ətrafında aparılan araşdırmalarla onun Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Teymur Maksimov olduğu müəyyən edilib. O, gecə vaxtı həmin ərazidən keçərkən maşının qapısının açıq vəziyyətdə, açarının da üstündə olduğunu görərək bu əməli törətdiyini etiraf edib.
Faktla bağlı cinayət işi başlanıb.
Natiq CAVADOV DİN mətbuat xidmətinin əməkdaşı