Ucar Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində uğurlu əməliyyat keçirib.
RPŞ-yə bir nəfər rayon sakininin külli miqdarda narkotik üçün müştəri axtarması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar əməliyyat qrupu yaradılıb. "Şərti alıcı" rayonun Bərgüşad kənd sakini Xanoğlan Abbasovla danışıqlara gedərək, onda olan marixuananın kiloqramını 800 manatdan almaq, pulun bir hissəsini dərhal, qalanını isə bir gün sonra ödəmək barədə razılaşıb.
İyunun 14-də X.Abbasov əvvəlcədən razılaşdıqları yerdə narkotik vasitəni satarkən polis əməkdaşları tərəfindən tutulub. Şöbədə aparılan müvafiq araşdırmalarla X.Abbasovun əvvəllər məhkum olunduğu müəyyən edilib. Üzərinə baxış keçirilərkən narkotik vasitənin satışından əldə etdiyi 2000 manat da aşkar edilərək maddi sübut kimi götürülüb.
Ekspert rəyi ilə narkotik vasitənin ümumi çəkisi 4,5 kiloqram qurudulmuş marixuana olduğu müəyyən olunub.
Faktla əlaqədar cinayət işi başlanıb, istintaq-əməliyyat tədbirləri aparılır.
Natiq Cavadov DİN mətbuat xidmətinin əməkdaşı