Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olumuş əməliyyat məlumatı əsasında həyata keçirdiyi tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslər saxlanıb.
Əməliyyat zamanı rayonun Qırxçıraq kənd sakini Elman Cəlalov və qardaşı Əlizamin şübhəli şəxs qismində tutulub. Əvvəlcə Elman Cəlalovun yaşadığı həyətyanı sahəyə baxış keçirilən zaman aqrotexniki qaydada əkib-becərilmiş 211 ədəd narkotik tərkibli çətənə kolu aşkarlanıb. Elman Cəlalov ifadəsində narkotik tərkibli bitkiləri əkib qullu etdiyini etiraf edib.
Həyətyanı sahələrdə aşkar edilmiş çətənə kolları hal şahidlərinin iştirakı ilə çıxarılaraq qablaşdırılıb və polis şöbəsinə aparılıb. Ümümilikdə Elman və Əlozamin Cəlalov qardaşlarından 35 kiloqram qurudulmuş marixuana və 528 kiloqram yaş halda çətənə kolu aşkar edilib. Hər iki faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, saxlanan hər iki qardaş əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqları üçün məhkum ediliblər.