Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına hələ də rast gəlinməkdədir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən baki-xeber.com-a verilən məlumata görə, bu kimi halların qarşınının alınması məqsədi ilə DİN-in əməkdaşları tərəfindən tədbirlər mütəmadi olaraq davam etdirilir.
Belə ki, respublikanın şəhər və rayonlarında, o cümlədən paytaxt Bakıda ayrı-ayrı iaşə müəssisələrinin sahibləri müvafiq obyektlər üçün müəyyən edilmiş iş rejimini pozmaqla fəaliyyətlərini davam etdirməyə cəhd göstərirlər.
Həyata keçirilən nəzarət tədbirləri ilə aprelin 1-dən 2-dək olan müddətdə epidemiya əleyhinə rejimi pozan respublika üzrə 41, o cümlədən Bakı şəhərində 10 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb. Həmin obyekt sahiblərindən 1-i inzibati həbs olunmuş, 40 nəfəri isə cərimə edilib.
Eyni zamanda, koronavirus infeksiyası ilə əlaqədar sosial şəbəkələrdə, o cümlədən “WhatsApp” ani mesajlaşma tətbiqində əhalinin təşvişinə səbəb ola biləcək həqiqətə uyğun olmayan məlumatlar yaydığına görə 1 nəfər inzibati həbs olunmuş, 5 nəfər isə cərimə edilib.
Ümumilikdə ötən gün ərzində respublika üzrə 14 nəfər inzibati həbs edilib, 1 288 nəfər inzibati cərimə olunub.
Bir daha vətəndaşlarımızı şəxsi gigiyena qaydalarına əməl etməyə, özünütəcrid tədbirlərinə uyğun davranmağa, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, digər şəxslərlə minimum kontaktda olmağa, ünsiyyət zamanı 2 metrlik ara məsafəsi saxlamağa və Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.