Müslüm İbrahimov: “Azərbaycanda neft və qeyri-neft sektoru inkişaf etdiyi üçün, Avropa İttifaqına enerji daşıyıcıları ilə yanaşı, hətta qeyri-neft məhsullarının ixracı da nəzərdə tutulur” Rəşad Həsənov: “Avropa İttifaqı və digər qurumlar uzun müddətdir Azərbaycanın qlobal iqtisadiyyatın bir parçasına çevrilməsi və bu istiqamətdə daha liberal şərtlər daxilində öz iqtisadi subyektlərinə şərait yaratması təkliflərilə çıxış edirlər”
Avropa İttifaqı (Aİ) Bakını ticarət qovşağına çevrilmək işində dəstəkləməyə davam edəcək. Bunu genişlənmə və mehriban qonşuluq siyasəti məsələləri üzrə Avropa komissarı Yonannes Han Bakıda keçirilən Dünya Limanları Konfransının iştirakçılarına videomüraciətində deyib.
Y.Han qeyd edib ki, Azərbaycanın coğrafi mövqeyi ölkəyə Avropa və Asiyanın birləşdirilməsində aparıcı rol oynamağa imkan verir: "Avropa İttifaqı Bakı Limanına beynəlxalq logistika və ticarət qovşağı olması yolunda dəstəyini davam etdirəcək. Bağlantılar 2020-ci il üçün ən əsas 20 məqsəddən biridir.
Kommunikasiya "Şərq tərəfdaşlığı" çərçivəsində 2020-ci ilədək həyata keçirilməli olan 20 tapşırıqdan biridir. Qeyd etdiyimiz kimi, bu, iqtisadi inkişaf üçün əsas amildir və insanları birləşdirir, xalqlarımızı daha güclü edir, eləcə də təcrübə mübadiləsi üçün platforma yaradır".
Maraqlıdır, Avropanın məlum dəstəyi Azərbaycana nələr verəcək?
İqtisad elmlər doktoru Müslüm İbrahimov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, Aİ Azərbaycanın qonşuluq siyasətinə daxil olan ölkədir: “Avropa İttifaqının ən böyük marağı odur ki, sərhədlərində sivil, iqtisadi cəhətdən inkişaf etmiş ölkələr olsun. Təbii ki, bu da ilk növbədə Avropanın iqtisadi təhlükəsizliyini qorumaq baxımından əhəmiyyətlidir. Avropa İttifafaqının genişlənməsi iqtisadi faktlarla bağlıdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan neçə ildir qonşuluq siyasətində iştirak edir. Qəbul olunan sənədlər də Azərbaycanda tətbiq olunur. Azərbaycan hər zaman Avropa Şurasının üzvü olaraq bütün öhdəlikləri yerinə yetirir. Bütün bunları nəzərə alsaq, Azərbaycanın Avropa İttifaqının iqtisadi və siyasi maraqları çərçivəsində olduğunu görərik”.
Həmsöhbətimizin sözlərinə görə, Azərbaycanda neft və qeyri-neft sektoru inkişaf etdiyi üçün, Avropa İttifaqına enerji daşıyıcıları ilə yanaşı, hətta qeyri-neft məhsulllarının ixracı da nəzərdə tutulur: “Bəllidir ki, Azərbaycan bir neçə layihəni reallaşdırıb. Azərbaycan TANAP və TAP, eyni zamanda Bakı-Tiflis-Qars dəmir yolunun çəkilməsi kimi layihələri reallaşdırıb. Bu kimi layihələr Avropa İttifaqının həm siyasi, həm də iqtisadi maraqlarına daxil olan məsələdir. Onu da deyim ki, belə layihələrin reallaşdırılması Azərbaycanın Avropa İttifaqına inteqrasiyasını daha da gücləndirdi”.
İqtisadçı Rəşad Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Avropa İttifaqı, Ümumdünya Ticarət Təşkilatı və digər qurumlar uzun müddətdir Azərbaycanın qlobal iqtisadiyyatın bir parçasına çevrilməsi və bu istiqamətdə daha liberal şərtlər daxilində öz iqtisadi subyektlərinə şərait yaratması təkliflərilə çıxış edirlər: “Təəssüf ki, bu istiqamətdə hər hansı bir addım atılmır. Nəzərə almaq lazımdır ki, Azərbaycan müstəqillik tarixinin 18 ilini elə Ümumdünya Ticarət Təşkilatı ilə danışıqlar aparır. Eyni zamanda, onu da bildirim ki, Avropa Birliyi ilə, digər Qafqaz ölkələri kimi, tərəfdaşlıq sazişi imzalanmayıb”.
Günel CƏLİLOVA