Oqtay Haqverdiyev: "Birgə kənd təsərrüfatı məhsullarının istehsalı üçün əsas yük müasir standartlara cavab verən texnikanın və təcrübəli mütəxəssislərin üzərinə düşür"
İran Azərbaycana kənd təsərrüfatı sahəsində əlaqələri genişləndirməyi təklif edir. Bu sözləri İran-Azərbaycan Hökumətlərarası Komissiyasının iclasında İranın rabitə və kütləvi kommunikasiyalar naziri Mahmud Vaezi deyib. Nazir bildirib:
"Azərbaycan və İran kənd təsərrüfatı torpaqlarının birgə istifadəsini inkişaf etdirə, eləcə də kənd təsərrüfatı məhsullarının üçüncü ölkələrə birgə ixracını təşkil edə bilər. Bundan başqa, biz müxtəlif aqrar texnikanın birgə istehsalını təşkil edə bilərik".
Onun sözlərinə görə, hər iki ölkənin bu sahədə böyük imkanları var və kənd təsərrüfatı sahəsində münasibətləri inkişaf etdirmək lazımdır.
İqtisadçı-ekspert Oqtay Haqverdiyev "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, kənd təsərrüfatı torpaqlarından birgə istifadə etmək təşəbbüsü ilk olaraq İsrail tərəfindən səsləndirilib: "Mən sizə deyim ki, birgə fəaliyyət üçün İsrailə 150 hektar torpaq sahəsi verilib. Daha sonra Rusiya müştərək fəaliyyət üçün bir neçə hektar torpaq götürüb. Kənd təsərrüfatı torpaqlarından birgə istifadə etmək təcrübəsi bu günə kimi müsbət nəticə verməyib. Ancaq İran tərəfinin bu işi necə quracağı hələ məlum deyil. Kənd təsərrüfatı məhsullarının birgə istehsalı üçün İranın yeni texnikası varsa və onların təcrübəsi istənilən səviyyədədirsə, müsbət nəticə əldə etmək olar. Bu işdə əsas yük müasir standartlara cavab verən texnikanın və təcrübəli mütəxəssislərin üzərinə düşür.
Zənnimcə, birgə təsərrüfat üzümçülük və çayçılıq sahəsində qurula bilər. Göstərilən təşəbbüs müsbətdir və bunu yüksək səviyyədə dəyərləndirmək lazımdır".
Həmsöhbətimiz hesab edir ki, birgə təsərrüfat məhsullarının üçüncü ölkəyə ixrac olunması ölkə iqtisadiyyatına müsbət təsir edəcək: "İxrac olunacaq məhsulun üzərində onun hansı ölkədə istehsal olunduğu qeyd olunacaq. Beləliklə, xarici alıcılar Azərbaycan istehsalı olan məhsulla tanış olacaq. Etiraf edək ki, Azərbaycan istehsalı olan kənd təsərrüfatı məhsullarına xarici bazarda böyük tələbat var. Həmin məhsullar müasir standartlara cavab verən şəkildə qablaşdırılsa, onlara tələbat daha yüksək olar".
Günel CƏLİLOVA