Aydın Hüseynov: "Ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi prioritet təşkil edir"
Azərbaycanda gələn il mərkəzləşdirilmiş kiçik və orta sahibkarlıq (KOS) agentliyi yaradılacaq. Bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə deyilir.
Sənəddə bildirilib ki, agentliyin yaradılması üçün 10 mln. manat investisiya tələb olunur. "Strateji Yol Xəritəsi" çərçivəsində KOS üzrə xüsusi sənaye zonalarının və klasterlərin yaradılmasına 630 mln. manat, KOS subyektlərinin beynəlxalq ticarət əməliyyatları üçün maliyyə xidmətlərinin genişləndirilməsi və birbaşa xarici investisiyaların təşviqinə 3 mln. manat, biznes inkubatorları və startap layihələrinin inkişaf etdirilməsi, model müəssisələrin yaradılmasına 50 mln. manat investisiya tələb olunur.
O da qeyd olunur ki, Azərbaycanda mərkəzləşdirilmiş KOS agentliyinin yaradılması nəzərdən keçiriləcək, agentliyin məqsəd və missiyası, eləcə də aparıcı prinsipləri müəyyənləşdiriləcək. Agentliyin prioritetləri, qısa və uzunmüddətli hədəfləri müəyyən ediləcək, fəaliyyəti üçün zəruri maliyyələşdirmə mexanizmləri işlənib hazırlanacaq və lazımi resursların təmin edilməsi işinə baxılacaq.
Bildirilir ki, hökumət KOS agentliyinin fəaliyyətinin monitorinqini və qiymətləndirilməsini aparacaq, agentliyin kollegial orqanının üzvləri ilə birlikdə ilin əvvəlində illik hədəf planlar müəyyən edəcək və həmin hədəflərin icra vəziyyətinin monitorinqini həyata keçirəcək.
Bütövlükdə, KOS-un yaradılması Azərbaycanda sahibkarlığın və qeyri-neft sektorunun inkişafı baxımından nə kimi əhəmiyyətə malik olacaq?
Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən millət vəkili Aydın Hüseynovun sözlərinə görə, məlum qərar ölkədə sahibkarlığın inkişafına müsbət təsir edəcək: "Məlum olduğu kimi, ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi prioritet təşkil edir. Bu məqsədə nail olmaq üçün kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi istiqamətində sistemli tədbirlər görülür. Eyni zamanda, ümumilikdə, özəl sektorun, sahibkarlığın inkişaf etdirilməsi və onlar üçün hərtərəfli münbit şəraitin yaradılması qarşıya məqsəd qoyulub. Bütün bunlar sahibkarlığın inkişafına dair "Strateji Yol Xəritəsi"ndə öz əksini tapıb. Əlbəttə ki, görülən tədbirlər çərçivəsində agentliyin yaradılması sahibkarların işinin koordinasiya olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Ümumilikdə götürdükdə sahibkarlıqla bağlı bütün məsələlərin elmi əsaslara, müasir düşüncə tərzinə və eləcə də dünya praktikasına söykənərək idarə olunması burada öz əksini tapıb. Həmçinin, onların işlərinin yönəldilməsi, fəaliyyətinin daha da optimallaşdırılması istiqamətində aparılacaq ən mühüm tədbirlərdən biri olacaq".
Vidadi ORDAHALLI