Bakı şəhərinin Ərazidən İstifadə və Zonallaşdırma Planına (baş plan) əsasən, 2035-ci ilədək 121 919 bina köçürüləcək". "APA-Economics" xəbər verir ki, bu barədə adıçəkilən sənəddə qeyd edilib.
Sənəddə qeyd edilib ki, yaşayış ərazilərinin yenidən qurulması səbəbi ilə 45 076, yolların yenidən qurulması səbəbi ilə 20 640, yeni yolların salınması səbəbi ilə 16 553, dəmir yollarının sanitar-mühafizə zonası səbəbi ilə 9 109, təbii fəlakət riski olan ərazilər səbəbi ilə 1089, dövlət əhəmiyyətli obyektlərin tikintisi səbəbi ilə 15 025, mühəndis xətlərinin sanitar-mühafizə zonaları səbəbi ilə 1 374, su hövzələrinin sanitar-mühafizə zonaları səbəbi ilə 3 342, digər səbəblərlə əlaqədar 9 711 bina köçürülməyə məruz qalacaq.
"Bəzi "xruşşovka" tipli binaların sökülməsi gündəmdədir". Bunu isə Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov bildirib. "Bakının görünüşünə ciddi xələl gətirən binaların sökülməsi nəzərdə tutulur. Bunlar əsasən 1-2 mərtəbəli binalardır. İlk növbədə insanların həyatı üçün təhlükə yaradan və şəhərin görünüşünə xələl gətirən azmərtəbəli binalar söküləcək. Bu proses hal-hazırda həyata keçirilən pilot layihə çərçivəsində davam edir. Məsələn, Sabunçu, Suraxanı, Binəqədi, Nizami, Nəsimi rayonlarında söküntü işləri həyata keçirilir", - deyə İ. İsbatov bildirib.